Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rusiya hakimiyyətinin Yekaterinburqda azərbaycanlılara qarşı zorakılığı Stalin dövründəki repressiyaları xatırladır"
"Rusiya hakimiyyətinin Yekaterinburqda azərbaycanlılara qarşı zorakılığı Stalin dövründəki repressiyaları xatırladır"

“Son günlər Rusiya-Azərbaycan münasibətlərində gərginlik müşahidə olunur. Bu gərginliyin artmasında Rusiya dumasının üzvlərinin, eləcə də media orqanlarının rolu böyükdür. Lakin hazırda Azərbaycan və Rusiya arasında münasibətlər əvvəllər müşahidə olunmamış dərəcədə ciddi zədələnir”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Müşfiq Cəfərov danışıb. Deputat qeyd edib ki, artıq Azərbaycan Moskvanın həm xalqımıza, həm də dövlətimizə qarşı davranışlarından narazıdır.

Müşfiq Cəfərov Müşfiq Cəfərov

“Rusiya isə Bakıya təzyiq göstərmək məqsədilə Azərbaycan üçün ən həssas nöqtə olan iqtisadi səbəblərlə Rusiyaya üz tutmuş Azərbaycan vətəndaşlarını hədəfə almağa çalışır. Yekaterinburqda azərbaycanlılara qarşı keçirilən polis əməliyyatı, iki nəfərin ölməsi və bir neçəsinin saxlanılması münasibətlərin daha da gərginləşməsinə səbəb oldu. Bu səbəbdən dövlətimiz tərəfindən Azərbaycanda Rusiyanın mədəni tədbir və rəsmi səfərləri ləğv edilib. Əgər bu cür hadisələr və etnik azərbaycanlılara Rusiyada təzyiqlər davam edərsə, Azərbaycan hökumətinin növbəti addımı tam fərqli olacaq. Lakin bütün hallarda bu gərginləşmə ilk növbədə sadə vətəndaşlara, xüsusilə Rusiyada yaşayan və ya Rusiya ilə ticarət edən azərbaycanlılara zərbə vura bilər”-deyə deputat bildirib.

Müşfiq Cəfərov vurğulayıb ki, Azərbaycan Vəkillər Kollegiyası Rusiyada azərbaycanlılara qarşı zorakılıq faktları ilə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatlarına müraciət edəcəyini açıqlayıb.

“Hazırda Rusiya hakimiyyətinin Yekaterinburqda azərbaycanlılara qarşı zorakılığı Sovet İttifaqı dövründə Stalin repressiyalarını xatırladır. Bu rəftar dərin hiddət və ciddi narahatlıq doğurur. Yekaterinburq faktiki olaraq antiAzərbaycan əhval-ruhiyyəsinin mərkəzinə çevrilməyə doğru gedir”-deyən deputat əlavə edib ki, Rusiya hökümətinin təcavüzkar siyasətiylə bağlı beynəlxalq konfranslarda dəfələrlə müzakirələr aparılıb və qətnamələr qəbul olunub, lakin heç bir əməli tədbir görülməyib.

“Artıq insan haqqlarının müdafiəsi üçün yaradılan beynəlxalq qurumlarda öz fəaliyyətsizliyi ilə bu dövləti daha da cəsarətləndirir”-deyən deputat hesab edir ki, Azərbaycanda iqtidarlı-müxalifətli hər kəs Rusiyanın hüquq-mühafizə orqanlarının həmvətənlərimizə qarşı özbaşınalığını qətiyyətlə pisləyir, eyni zamanda beynəlxalq birlik və ictimaiyyətin də bu zorakılığa münasibət bildirməsini gözləyir.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »