Əslində Rusiya ilə münasibətlər ötən ilin dekabrında AZAL-ın təyyarəsi Rusiya tərəfindən vurulandan sonra gərginləşdi. Rusiya etdiyi əmələ görə nə cinayətkarı cəzalandırdı, nə təzminat ödədi, nə də doğru-dürüst üzr istədi. Biz gözləmə mövqeyi tutduq. Rusiya yenə boş dayanmadı, ölkə daxilində olan jurnalsitlər və siyasətçilər Azərbaycana qarşı fikirər söyləməkdə davam etdi. Biz də onlara qarşılışıq verməyə çalışdıq. Sonra Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rusiyaya buraxılmadı. Biz yenə şifahi şəkildə etirazımızı bildirdik. İyunun 27-də Rusiyada azərbaycanlılara qarşı divan tutuldu, soydaşlarımız vəhşicəsinə döyülərək öldürüldü. Artıq bıçaq sümüyə dayandı. Azərbaycan hüquq mühafizə orqanları işə başladı, öncə Sputnik İnformasiya agentliyini jurnalist adı altında fəaliyyət göstərən iki FTX agenti saxlanıldı. Bundan sonra ruslardan ibarət daha iki dəstə saxlanıldı. Və beləcə soyuq savaş başladı...
Azərbaycan Rusiya ilə münasibətlərində məsafə artırmağa hazırdır. Bu vəziyyət bütün sahələrdə olduğu kimi hər iki ölkənin iqtisadiyyatına da təsirsiz ötüşməyəcək.
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, münasibətlərin iki dövlət arasında kəskinləşməsi hər iki ölkəyə iqtisadi və siyasi baxımdan ciddi təsir göstərəcək.

“Azərbaycan iqtisadiyyatına belə təsir göstərəcək ki, Azərbaycandan Rusiyaya ixrac olunan məhsullar Rospotrebnadzor (İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Federal Xidməti) tərəfindən əngəllənəcək. Onlar müxtəlif əngəllər törədəcək ki, Azərbaycandan Rusiyaya ixrac olunan məhsullar geri qaytarılsın və Azərbaycandan Rusiyaya ixracı dayansın. Düzdür, bu, Rusiyanın özünə də ciddi zərər vuracaq, amma hər halda bu əngəllərin yaranması gözlənilir”-deyən iqtisadçı bildirib ki, əvvəllər də belə proseslər müşahidə edilib və bugünkü vəziyyətdə də bu kimi proseslər gözləniləndir.
“Digər tərəfdən Rusiyada fəaliyyət göstərən azərbaycanlı iş adamlarına, bazarlarda çalışan insanlara, ümumiyyətlə, azərbaycanlı miqrantlara qarşı repressiya başlayıb. Həmin əməkçi miqrantların böyük əksəriyyəti pul qazanır və Azərbaycana göndərir. Deməli, bu məsələdə miqrantların Azərbaycana pul göndərməsi də problemli hal alacaq. Yəni işləyə bilmirsə, pul göndərə bilməyəcəklər. O insanların bir qismi həbs edilib. Onların bir hissəsi, “xüsusi hərbi əməliyyat” üçün Ukrayna ilə müharibəyə göndərilib. Bu məsələ hərtərəfli olaraq Azərbaycan iqtisadiyyatına təsir edəcək, Rusiya iqtisadiyyatına ciddi təsirlər göstərəcək. Artıq bu təsirlər əməliyyatların başladığı bir neçə gündə öz əlamətlərini, təsirlərini göstərib. Rusiyada meyvə tərəvəz bir neçə dəfə bahalaşıb. Bunun da bir neçə səbəbi var. Həm bu proses çərçivəsində Azərbaycandan idxal əngəllənib, həm də bazarda işləyən azərbaycanlı iş adamlarına və tədarükçülərə əngəl yaradılıb”-deyən iqtisadçı vurğulayıb ki, bu cür təsirlərin olması gözləniləndir və iki ölkə arasında münasibətlərin gərginləşməsi hər iki ölkənin iqtisadiyyatına mənfi təsir edəcək.
İradə Cəlil, Bizimyol.info