İmişlidəki “Mal bazarı”nda mal-qarasını satan şəxsi aldadıb, alınan heyvanların əvəzində ona saxta pul veriblər. Bu işi görməkdə ittiham olunan şəxs sonradan cinayət məsuliyyətinə cəlb olunub, məhkəmə qarşısına çıxarılıb. İşinə birinci instansiya məhkəməsində, daha sonra apellyasiya məhkəməsində, son olaraq, bu yaxınlarda da Ali Məhkəmədə baxılıb.
Bizimyol.info xəbər verir ki, təqsirləndirilən şəxs Bərdə şəhər sakinidir. O, öz evində üzərində “Etibarsızdır” yazılmış 5 ədəd 100 manatlıq olub. O, bıçaqla “Etibarsızdır” yazısını pozaraq, həmin saxta pulları sonradan İmişli rayonunda yerləşən “Mal bazarı”nda satıcıya verib və 500 manat dəyərində iki baş quzu alıb.
Bununla əlaqədar ona qarşı Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə saxta pul hazırlama, əldə etmə və ya satma) maddəsi ilə ittiham irəli sürülüb.
Məhkəmə təqsirləndirilən şəxsin əməlini dələduzluq kimi qiymətləndirib. Lakin zərərçəkmiş şəxsə vurulmuş zərərin məbləği 500 manatdan çox olmadığına görə Cinayət Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsi əsasında ona bəraət verilib. Apellyasiya instansiya məhkəməsi də hökmü qüvvədə saxlayıb.
Dövlət ittihamçısı kassasiya protesti ilə Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmə aşağı instansiyanın qərarını ləğv edib, işi yenidən araşdırılması üçün apellyasiya məhkəməsinə qaytarıb.
Birinci instansiya məhkəməsi şəxsin əməlində saxta pul hazırlamaqla bağlı cinayət tərkibinin olmaması qənaətinə gəlmişdi. Ali Məhkəmə isə hesab edir ki, bu, işin faktiki hallarına uyğun olmayan, səhv qərardır. Apellyasiya instansiya məhkəməsi isə qanunsuz olaraq birinci instansiya məhkəməsinin bu mövqeyini əsaslı sayıb. İşin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədilə şahidin ifadəsinin alınması və ona veriləcək suallar əsasında ziddiyyətli məqamların aydınlaşdırılması üçün məhkəməyə dəvət edilməsi barədə apellyasiya məhkəməsində vəsatətlər verilsə də, bu vəsatətlər təmin olunmayıb və müvafiq hal araşdırılmayıb.
Ali Məhkəmənin hakimləri qeyd edib ki, apellyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 204.1-ci maddəsi ilə bəraət verilməsi ilə bağlı yekun nəticəyə gələrkən, ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara düzgün istinad etməyib.
Həmçinin apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd ediblər ki, şəxsin bıçaqla 5 əskinas üzərində “etibarsızdır” yazısını silməsi iş materialları ilə sübut olunub. Ali Məhkəmənin Plenum Qərarında da qeyd edildiyi kimi, saxta pul yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, bu pul aşkar şəkildə əslindən fərqlənsin.
Aparılmış ekspert rəyində təqdim olunan pul əskinaslarının həqiqi əskinaslardan açıq-aşkar fərqləndiyi göstərilməyib və bu məsələnin ekspert tərəfindən deyil, məhkəmə tərəfindən hüquqi məsələ kimi həll edilməli olduğu vurğulanıb.
Cinayət işinin materiallarından və aşağı instansiya məhkəmələri tərəfindən araşdırılmış hallardan göründüyü kimi, təqsirləndirilən şəxsin saxta pul hazırlamaq niyyəti məhz məhdud şəxsləri aldatmaq məqsədi daşımayıb. Belə ki, o, bu əməllə ümumi satış niyyəti güdüb və qəsdini istənilən şəxsə yönəldə biləcəyi ehtimalı istisna olunmur. Yəni, işin hallarından şəxsin qəsdinin konkret olaraq məhdud şəxslər dairəsinə yönəlməsi müəyyən edilməyib. Bu cəhətlər isə aşağı instansiya məhkəmələri tərəfindən düzgün hüquqi qiymətləndirilməyib.
Məhkəmə kollegiyası hesab edib ki, yeni apellyasiya baxışı zamanı işin tam, hərtərəfli və obyektiv araşdırılması, iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutlar Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq araşdırılmalı, sübutlar arasında olan ziddiyyətlər aradan qaldırılmalı, zərurət yarandıqda əlavə sübutlar da toplanmalı və bütün sübutlar mənsubiyyət, mötəbərlik və mümkünlük baxımından qiymətləndirilməklə iş üzrə qanuni və ədalətli qərar qəbul olunmalıdır.
Aytən, Bizimyol.info