Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Polis reydi, yoxsa cəza əməliyyatı?
Polis reydi, yoxsa cəza əməliyyatı?

Məlum olduğu kimi, Rusiyanın Yekaterinburq şəhərində iki Azərbaycanlının qətlə yetirilməsi ilə nəticələnən hadisələr baş verib. İyunun 27-də Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Azərbaycanlıların mənzillərinə soxularaq, onları tutub, aparıb, fiziki və mənəvi işgəncələr veriblər. Bu ağır işgəncələr nəticəsində Ziyəddin və Hüseyn Səfərov qardaşları həyatlarını itirib.

Azərbaycan dövləti bu hadisələrə adekvat, kəskin reaksiya verib, Rusiya tərəfindən tələb edib ki, günahkarlar dərhal cəzalandırılsın. Rusiya rəsmiləri isə baş verənləri adi bir polis əməliyyatı kimi qələmə verib. Bunu 2001-ci ildə törədilmiş bir cinayət işinin təqsirkarlarının axtarışı ilə "izah" edib. Rusiya Prezidentinin Administrasıyası rəhbərinin müavini - Prezidentin mətbuat katibi Dmitri Peskov Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatını şərh edərkən deyib ki, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatlar diplomatik demarşa səbəb olmamalıdır.

Peskovun bu fikrinin açması belədir: güc strukturları istədiyi kimi əməliyyat keçirə bilər, bu əməliyyatda adamlar da ölə bilər, burada qeyri-adi heç nə yoxdur.

Əlbəttə, belə əməliyyatlar zamanı ölüm halları da ola bilər. Amma bir şərtlə: əgər hüquq-mühafizə orqanı əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb, silahlı müqavimət göstərən varsa. Belə bir şey yoxdur axı. Adamlar öz evlərində, gecə yarısı öz yatağında yatarkən, evə silahlı basqın edib FTX əməkdaşları. Dövlətin qanuni tələblərinə heç bir sayğısızlıq etməyən, müqavimət göstərməyən, əliyalın, dinc adamları öz mənzilində, daha sonra polis bölməsində vəhşicəsinə döymək, işgəncə vermək, hansı əməliyyat zərurətindən irəli gəlib?! Heç bir silahlı-silahsız müqavimət olmadan, insanları döyüb öldürüblər, heç bir əsas olmadan, altı nəfəri həbs ediblər. Budur, Peskovun dediyi əməliyyat?!

Məşhur bir satirik şeirdə deyilirdi:

"Tramvay yoldan çıxıb vurmuşdu bir nəfəri,

Təcili yardım gəlib vurdu on bir nəfəri".

Peskovun sadə polis əməliyyatı budursa, belə çıxır ki, bir nəfərin qatilini tapmaq üçün gəlib iki nəfəri qətlə yetirmək, bir neçə nəfəri xəstəxanaya, daha bir neçəsini də həbsxanaya salmaq lazımdır?! Üstəlik də adını "etnik cinayətkarlıq" qoyarsan, olub-bitər. Qatil axtaranın özü qatildirsə, bu normaldır?! Sadəcə, əməliyyatdır?!

Xeyr, bu, bir normal polis əməliyyatı-filan deyil, bu, dövlət terrorudur. Ya da dövlətin içində nəzarətdən çıxmış cinayətkar təşkilatların işidir. Hər nədirsə, nə qanuna sığır, nə əxlaqa.

Azərbaycan tərəfinin diplomatik demarşı da tam yerində və zamanında olub. Rəsmi Bakı haqlı tələblər irəli sürüb və bunların yerinə yetirilməsini gözləyir. Həm də, sadəcə, gözləmə mövqeyində dayanmayıb; Azərbaycandakı rus kəşfiyyat yuvalarını vurub dağıtmaqla məşğuldur. Azərbaycan Rusiyaya master-klass verir: cinayətkarları harda axtarmaq, necə tutmaq lazım olduğuna dair əyani kurs keçir. "Sputnik"in ofisindəki kimi...

Yeri gəlmişkən, Yekaterinburq hadisələrini Rusiya tərəfi belə izah edir ki, guya 24 il əvvəl öldürülmüş bir nəfərin qətlində şübhəli bilinən şəxsləri axtarırmış "hüquq-mühafizə" orqanları. Ancaq Rusiya Federasiyası Cinayət Məcəlləsinin 278-ci maddəsinin 1-ci bəndində göstərilir ki, xüsusilə ağır cinayətin törədilməsindən 15 il vaxt keçibsə, cinayəti törətmiş şəxs cinayət məsuliyyətindən azad olunur. Həmin maddənin 2-ci bəndində isə göstərilir ki, əgər cinayəti törətməkdə şübhəli bilinən şəxs istintaqdan gizlənirsə, zamanın keçməsinə görə məsuliyyətdən azad olunmur. Yekaterinburq hadisələrində bu halların heç biri yoxdur: Səfərov qardaşlarının və bu hadisədə başqa zərərçəkənlərin 2001-ci ildə törədilmiş qətldə təqsirkar olduğu sübuta yetirilməyib. Hətta belə olsaydı da, onlar hər hansı istintaqdan da yayınmayıblar. Ünvanları, yerləri bəllidir. Məlum hadisədən isə 24 il keçib. Deməli, bu cinayəti törətmiş şəxs hər kimdirsə, istintaqdan gizlənmirsə, o, artıq məsuliyyətdən azaddır. Bu nüans da göstərir ki, Yekaterinburq hadisələri qəsdən planlaşdırılmış və amansızlıqla icra olunmuş polis bölməsindən kənar cəza əməliyyatıdır.

Başqa sözlə, dövlət qurumları cinayət-axtarış əməliyyatı adı altında dinc insanlara qarşı cinayət törədib. Bunun ayrı bir izahı-filan da yoxdur.

yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »