Azərbaycan Daxili İşlər Nazirliyi "Sputnik Azərbaycan" Agentliyinin ofisində əməliyyat keçirib. Rusiya Federal Təhlükəsizlik Xidmətinin agentləri olmaqda şübhəli bilinən iki şəxs saxlanılıb.
Bu, son günlər Rusiyada Azərbaycan əsilli şəxslərə qarşı baş verənlərin fonunda adekvat qərardır. Təkcə ona görə yox, həm də ona görə ki, Rusiyaya məxsus bu informasiya (dezinformasiya-dezinteqrasiya) qurumu Azərbaycan dövlətinin qanuni tələblərini icra etmirdi. Özü də bunu göstərə-göstərə edirdi. Bax, Rusiyanın davranış tərzi belədir: heç bir dövlətin qanunlarına, eləcə də, universal hüquqa, beynəlxalq hüquq prinsiplərinə sayğı göstərmir. Ən qəribəsi və ən acınacaqlısı da budur ki, ən birinci elə öz qanunlarını və Konstitusiyasını heçə sayır. Bunun bariz nümunəsi Rusiyada qeyri-rus miqrantlara qarşı total cinayətlərdir.
Bunlar artıq ayrı-ayrı faktlar, hadisələr deyil, tendensiyadır, prosesdir. Bu, təkcə total cinayətkarlıq da deyil. Bu, dövlət səviyyəsində həyata keçirilən qanunsuz əməllərdir, dövlət terrorudur.
Məlum olduğu kimi, iyunun 27-də Rusiyanın "hüquq-mühafizə" orqanları Yekaterinburq şəhərində Azərbaycan əsilli ailələrin mənzillərinə, iş yerlərinə basqın ediblər, onları döyüblər, fiziki və mənəvi işgəncə veriblər. Hüseyn və Ziyəddin Səfərov qardaşları aldıqları ağır zərbələr nəticəsində həyatını itirib. Bir neçə Azərbaycanəsilli şəxs isə döyülüb, əzildikdən sonra məhkəməyə aparılıblar və həbs olunublar. Guya bu şəxslərin 2001-ci ildə törədilmiş bir nəfərin qətli ilə hər hansı bağlılığı araşdırılırmış. Rusiya Xarici İşlər Nazirliyi Azərbaycana belə bir "izahat" verib. Ancaq bu "izahat" Azərbaycanı qane etməyib, inandırıcı olmayıb. Azərbaycan XİN olanlarla bağlı sərt bəyanat verib və Azərbaycanlılara qarşı bu cinayətləri törədənləri cəzalandırmağı Rusiya hökumətindən tələb edib.
Ancaq biz görürük ki, Rusiya rəsmi məqamları, vəzifəli şəxsləri heç də adekvat deyillər. Rusiya Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy deyir, döyülənlər Rusiya vətəndaşlarıdır. Guya Azərbaycan Rusiyanın daxili işlərinə qarışır: Dövlət Duması sədrinin müavini belə deyib: "Öz işimizdir, özümüz bilərik".
Çox dəhşətlidir: Pyotr Tolstoyun dediyindən belə çıxır ki, Rusiyanın güc strukturları elə Rusiya vətəndaşları olan etnik Azərbaycanlıları da istədiyi vaxt, istənilən ittihamlarla tuta da bilər, döyə də bilər, hətta öldürə də bilər, ancaq Azərbaycan da bütün bunları susqun razılıqla seyr etməliymiş!
Lev Tolstoyun soyadını ləkələyən bu şəxs insan haqlarının universal hüquq olduğunu anlamır. Bu, heç kimin daxili işi deyil. Pyotr Tolstoy bunu ya dərk etmir, ya da qəbul etmir.
Yaxud Rusiya Dövlət Dumasının komitə sədrinin birinci müavini Konstantin Zatulinin dediklərinə diqqət edin. O deyir ki, Azərbaycan heç vaxt Rusiyanın müttəfiqi olmayıb, "Azərbaycan Rusiyadan uzaqlaşır".
Absurddur, elə deyilmi?!
Özün Rusiyada yaşayan Azərbaycanlıları, o cümlədən, Rusiya vətəndaşı olan Azərbaycanəsilli şəxslərin evinə hücum çək, obyektinə çök, əmlakını dağıt, iş yerlərini yerlə yeksan elə, özlərini tut, döy, orta çağlara xas vəhşiliklər törət, adamlara ağır, ölümcül işgəncələr ver, hətta döyə-döyə öldür, sonra da de ki, Azərbaycan Rusiyadan uzaqlaşır. Bu nə düşüncədir, hansı mənəvi səviyyədir?!
Aleksandr Düma zamanında demişdi: "Hətta dahiliyin də sərhəddi var, axmaqlıq isə heç bir sərhəd tanımır".
Rusiya prezidenti Vladimir Putin isə dəfələrlə deyib ki, Rusiyanın sərhəddi yoxdur. Bununla o, Dümanı haqlı çıxarıb; doğrudan da, axmaqlığın sərhəddi yoxmuş! (Ancaq Putinin bu ifadəsi həm də onu göstərir ki, həyasızlığın da sərhəddi yoxdur).
Düma öz fikrində haqsız olsaydı - axmaqlıq sərhəd tanısaydı, Putin Rusiyası öz slavyan qardaşlarının üstünə silahla getməzdi, gedib Ukrayna bataqlığına girməzdi, giribsə, ordan çıxmağın yolunu tapardı. Axmaqlıq sərhəd tanısaydı, Rusiya öz vətəndaşlarını Donbass çöllərinə - "ət maşını"na göndərməzdi; öz insanını öldürtməyə deyil, daha yaxşı yaşatmağa çalışardı.
Yekaterinburqda Azərbaycanlılara qarşı törədilmiş bu hədsiz vəhşilik onu göstərir ki, Rusiya Ukraynada nə qətliamlar, soyqırımlar törədib. Öz ərazisində etnik mənsubiyyətə görə dinc insanlara qarşı bu cür qəddarlıq edən, öldürən şovinist dövlət maşını başqa ölkələrin ərazisində o xalqlara qarşı nələr etməz?!
Baxın, bunlar sıradan hadisələr deyil axı. Rusiya prezidentinin köməkçisi Vladimir Medinskinin iyunun 9-da verdiyi yersiz, əsassız, hətta provokativ bəyanatla iyunun 27-də Yekaterinburqda Səfərov qardaşlarının amansızlıqla qətlə yetirilməsi arasında əlaqə var. Həm də birbaşa əlaqə!
Medinski Qarabağı "mübahisəli ərazi" adlandırmış və Rusiyanın işğal etdiyi Ukrayna vilayətləri ilə müqayisə etmişdi. Bu, təsadüfi deyildi. Rusiya istəyir ki, keçmiş Sovet respublikaları olan müstəqil dövlətlər Ukraynadan üz çevirsinlər; Ukraynanın işğal olunmuş ərazilərini Krım başda olmaqla Rusiya ərazisi kimi tanısınlar. Ukrayna təklənsin və Rusiyanın şərtlərində sülhə razı olsun. Medinskinin "məntiq"inə görə, ancaq bu halda Donbass və Krım mübahisəli əraziyə çevrilməyəcək, mübahisə predmeti olmayacaq. Bu narrativlə razılaşmayan gerçək müstəqil dövlətlərə də Kreml bu səbəbdən pressinq edir. Həmin dövlətlərin Rusiyada yaşayan vətəndaşlarına, eləcə də, dikbaş ölkələrdən olan qeyri-rus Rusiya vətəndaşlarına bu üzdən hücum edilir. Sanki dövlət yox, terrorçu dəstədir: qeyri-rus əsilli insanları girov götürüb, onların mənsub olduğu xalqlara, dövlətlərə tələblər qoyur, tələb yerinə yetirilənə qədər isə girovları tək-tək, ya da iki-iki, üç-üç... edam edir. Budur, Rusiyada oturuşmuş "dövlət" təfəkkürü!
Azərbaycan isə dövlətdir; hüquq bilir, qanun bilir, beynəlxalq prinsipləri, qaydaları bilir və əməl edir. Rusiyanın da, Ukraynanın da ərazisi 2022-ci il fevralın 24-də necə olubsa, o cür tanıyır. Bu ölkələr Birləşmiş Millətlər Təşkilatına hansı sərhədlər daxilində qəbul edilibsə, Azərbaycan o sərhədləri tanımalıdır və tanıyır. Hərbi reallıqları siyasi reallıqlar kimi tanımaq lazım gəlsəydi, onda dünyada xaos baş alıb gedərdi. Azərbaycan hökuməti dövlət məsuliyyətinin daşıyıcısı olduğundan təcavüzkar müharibə aparan Rusiyanın işğal etdiyi Ukrayna torpaqlarını Rusiyanın ərazisi kimi tanımaz, tanıya da bilməz. Bu, beynəlxalq birgəyaşayış prinsiplərinə uyğun deyil və Rusiyanın postsovet dövlətlərindən belə bir gözləntisi varsa (ki, var!), bu, tamamilə absurddur. Əlbəttə, bu absurd Putinin daha böyük absurd layihəsi olan "yeni SSRİ" planının tərkib hissəsidir. Əgər bu gün hər hansı bir keçmiş Sovet respublikası Ukraynanın ərazilərinin ilhaqına haqq qazandırsa, bu, artıq onun Kremldə qurulmuş "yeni SSRİ" tələsinə düşməsi demək olacaq; qaçacağı bir yer qalmayacaq. Bu məqsədlə - Ukrayna bataqlığında "yeni SSRİ" layihəsinin bünövrəsini ataraq çıxmaq Putinizmi möhkəmləndirər, bu, Rusiya hakimiyyətinin rus xalqına bəxş edə biləcəyi "strateji qələbə" olar. Ona görə də Putin postsovet ölkələrindən Ukraynaya qarşı "diplomatik müharibə" koalisiyası düzəltmək xülyasına qapılıb.
Bir sözlə, Rusiyada qeyri-rus miqranlara, o cümlədən, Azərbaycanlılara qarşı dövlət səviyyəsində total terrorçuluq sıradan bir hadisə deyil, çox dərin və çox ciddi geosiyasi planlamanın bir elementidir. Yekaterinburqda Səfərov qardaşlarının qətli də təkcə bir ailəyə, bir nəslə qarşı deyil, bütövlükdə Azərbaycan xalqına - bu millətə qarşı yönəlmiş qanunsuz və qeyri-insani hərəkətdir. Odur ki, Azərbaycan dövlətinin atdığı cavab addımları həm hüquqi, həm də mənəvi legitimlik daşıyır. O cümlədən, Rusiya agentura yuvası olan "Sputnik Azərbaycan"ın ofisindəki polis əməliyyatı da tam haqlı və əsaslı - adekvat davranışdır.

Bahəddin Həzi, Bizimyol.info