Avtomobil idarə etmək hər bir qadının arzusu olsa da, bunun təhlükəli tərəfləri də var. Əgər saçlarınız uzundursa, boynunuzda uzun boyunbağı varsa və ya uzun şarflardan istifadə edirsinizsə, daha diqqətli olmalısınız. Avtomobilinizdə problem yarandığı zaman yaxşı olar ki, ustaya müraciət edəsiniz.
Mühərrik bölməsi hər hansı səbəbdən açıqdırsa, uzun saçlar hərəkət edən hissələrə və qayışlara, ventilyatorlara ilişə bilər. Bu, avtomobil işlək vəziyyətdə olduğu zaman daha təhlükəlidir.
Bəzi avtomobillərdə mühərrik bölməsinə hava çəkən havalandırma sistemləri var. Uzun saçlarınız və ya boynunuza asdığınız aksesuarlar sistem tərəfindən çəkilə, dartıla bilər. Eyni zamanda avtomobil təmiri zamanı uzun saçları olan bir şəxs əyilmiş və saçları hərəkət edən mühərrik hissələrinə toxunmuş olarsa, bu zaman ilişmə riski var. Bu səbəbdən mexaniklər xüsusi papaqlardan istifadə edirlər.
Qısası, avtomobilin mühərrik hissəsinə yaxınlaşmadan öncə saçlarınızı toplayın, şarfınızı boyunuza dolayın və ya kənara qoyun ki, mühərrikə ilişməsin və hansısa bədbəxt hadisə baş verməsin.
Qeyd edək ki, normal şəraitdə avtomobilin mühərrik bölməsi tamamilə qapalıdır. Avtomobilin mühərriki normal işləyərkən və qapalı olduğu zaman saçın, şarfın, hərhansı bir aksesuarın mühərrikə ilişməsi demək olar ki, mümkün deyil. Əsas problem mühərrik hissəsinə əyilərkən ola bilər ki, bu zaman diqqətli davranmağınız tövsiyyə olunur. Əks halda, saçlarınızı və sağlamlığınızı itirə bilərsiniz.
İradə Cəlil, Bizimyol.info