4 iyun 2025-ci il saat 04:35-də Fövqəladə Hallar Nazirliyinin qaynar telefon xəttinə Sabirabad rayonunun Muğan Gəncəli kəndində fərdi yaşayış evində yanğın olması barədə ilkin məlumat daxil olub.
Bizimyol.info xəbər verir ki, bu barədə FHN-in mətbuat xidməti məlumat verib.
Bildirilir ki, məlumatla əlaqədar Nazirliyin müvafiq xilasetmə qüvvələri yanğın yerinə cəlb olunublar.
İlkin məlumata əsasən, yanğın ikimərtəbəli fərdi yaşayış evində baş verib. Yanğının kəşfiyyatı zamanı 4 nəfərin meyiti aşkar olunub.
Yanğına həyatını itirənlər Muğan Gəncəli kənd sakinləri; 1989-cu il təvəllüdlü İmanov Tural Ağasəf oğlu, 2002-ci il təvəllüdlü İmanov Safalı Qorxmaz qızı, 2020-ci il təvəllüdlü İmansoy Osman bəy Tural oğlu və 2024-cü il təvəllüdlü İmansoy Esma Tural qızıdır.
Yanğın söndürülüb, ətrafda olan tikililər yanğından mühafizə olunub. Faktla bağlı araşdırma aparılır.