Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan və Macarıstan: çətin zamanların sadiq dostları
Azərbaycan və Macarıstan: çətin zamanların sadiq dostları

İki insanı həyatda yaxınlaşdıran, doğmalaşdıran cəhətlər və səbəblər olur. Heç kim heç kəslə heç nədən dost, yaxın olmur axı. Kimini ortaq fikir birləşdirir, kimini eyni məqsəd, kimini birgə əməl, kimini şərikli hədəf. Xarakter - daxili Konstitusiya da münasibətləri sementləşdirən faktordur. Həm də ən başlıca faktor.

Münasibətlər demişkən, Kris Mitçelin məşhur nəzəriyyəsi var: insanları dəyərlər, maraqlar və münasibətlər birıəşdirir.

Mitçelin nəzəriyyəsindən yola çıxsaq, Azərbaycanı və Macarıstanı, hər iki ölkənin liderini həm dəyərlər, həm maraqlar, həm də münasibətlər birləşdirir. xalqlar, dövlətlər var, ümumi keçmişə dayanaraq bir araya gəlir, eləsi var, bu günün konyukturasında uzlaşır. Elələri də var, sabahkı hədəflərə, məqsədlərə, planlara görə birlikdə hərəkət edirlər. Azərbaycanla Macarıstanı isə həm dünən, həm bu gün, həm də sabah bir araya gətirir. Bu cür birlikdəliklər həmişə daha möhkəm, daha içdən - səmimidir və yan təsirlərə, yad təlqinlərə və kənar təhriklərə qarşı davamlı və dayanıqlı olur. Azərbaycanla Macarıstanın, bu iki ölkənin xalqlarının birliyi, yaxınlığı məhz bu qəbildəndir.

Azərbaycan prezidenti İlham Əliyevlə Macarıstanın baş naziri Viktor Orban arasındakı münasibətlər də bunu sübut edir.

Baş nazir Viktor Orban Azərbaycan lideri haqqında, görün, nə deyib: "Macarıstanın qarşılaşdığı istənilən sahədə - diplomatiyada, neft-qaz sənayesində və digər sahələrdə üzləşdiyi istənilən çətinlik zamanı həmişə Prezident Əliyev bizim yanımızda olub".

Bu sözlər həm Azərbaycan prezidentini, həm də baş nazirin özünü müsbət mənada xarakterizə edir.

Bilirsiniz, yaxşılıq da heç vaxt unudulmur; əslində heç kim heç nəyi unutmur. Sadəcə, elə insanlar var, elə dövlətlər var, bunu dilə gətirir, dəyərləndirir, elələri də var yox. Baxın, cənab İlham Əliyev də Viktor Orban haqqında müsbət fikirlər söyləyib:

"Biz bilirik ki, Macarıstan müstəqil siyasət aparan nadir ölkələrdən biridir. Xüsusilə Avropa İttifaqı çərçivəsində müstəqil siyasət aparmaq kifayət qədər çətindir. Çünki bir çox qaydalar var, bir çox oturuşmuş prinsiplər var və Avropa İttifaqının vahid xarici siyasəti təbii olaraq prinsiplərdən biridir. Buna baxmayaraq, dostum Viktor Orban həmişə Macarıstanın dövlət və milli maraqlarını hər şeydən üstün tutub. Biz bunu alqışlayırıq. Hər zaman Macarıstanın maraqlarını qoruyub və Macarıstan üçün nə xeyir gətirirsə, o təşəbbüslərə qoşulub, nə xeyir gətirmirsə, o təşəbbüslərdən həmişə uzaq olub. Yenə də deyirəm, Avropa İttifaqının içində ola-ola bu siyasəti aparmaq, deyə bilərəm ki, doğrudan da böyük qəhrəmanlıq tələb edir, siyasi iradə tələb edir və düşünülmüş siyasət tələb edir. Bütün bunlar da Macarıstanda var".

Prezident İlham Əliyev bu sözləri təsadüfən deməyib. Macarıstan istər Türk birliyi ilə bağlı olsun, istər Rusiya-Ukrayna müharibəsi ilə bağlı olsun, istər Gürcüstandakı vəziyyətlə bağlı olsun, yaxud başqa məsələlər olsun, hər zaman öz sözünü deyib, öz müstəqil siyasətini aparır. Məsələn, Şimali Kipr Türk Respublikası prezidentinin Türk Dövlətləri Təşkilatının zirvə görüşlərində iştirakı Avropa İttifaqında narazılıqla qarşılananda, baş nazir Viktor Orbana aramsız və amansız siyasi təzyiqlər olan zaman, baş nazir və hökuməti, Macarıstan bu pressinq qarşısında duruşunu itirmədi, mövqeyini dəyişmədi. Bu gün də tarixdə ilk dəfə Türk Dövlətləri Təşkilatının zirvə toplantısı Macarıstanda keçirilir. Bunun özü macar xalqının və onun liderinin öz keçmişinə, soy-kökünə necə bağlı olduğunu göstərir. Eyni zamanda macarlar ailə dəyərlərinə bağlı bir toplumdur. Təsadüfi deyil ki, ötən ilin payız-qış aylarında Gürcüstanda yeni rəngli inqilab, xaos planları işə düşəndə Macarıstan üzvü olduğu İttifaqın bu cür dağıdıcı siyasətinə qarşı çıxdı və Gürcüstana gəlib, bu ölkənin qanuni seçilmiş hökumətinə dəstəyini ifadə etdi. Çünki məhz həmin dövrdə Qərb Gürcüstanda hökumət üzərindən milli-mənəvi dəyərləri də, ailə dəyərlərini də hədəfə almışdı. O zaman Azərbaycan da Gürcüstanı aktiv müdafiə edən ölkə oldu və hər zaman da bu dəstəyini davam etdirir. Təsadüfi deyil ki, yeni seçilmiş Gürcüstan liderləri də bu dostluğa və dəstəyə ilk xarici səfərlərini Azərbaycana etməklə qarşılıq verdilər. Çünki Azərbaycan çətin məqamlarda bu ölkəni, bu xalqı yalnız buraxmadı. Heç bir təzyiqə, heç bir təhdidə boyun əymədi və əymir.

Bu mənada da Azərbaycanla Macarıstan arasında təkcə siyasi mövqe oxşarlığı, hətta eyniliyi deyil, həm də mənəvi dəyərlərə bağlılığı bir daha aydın göründü. Azərbaycan kimi Macarıstan da hazırda öz müstəqil xarici siyasətini məharətlə və cəsarətlə həyata keçirir. Burda da əsas amil hər iki ölkənin liderlərinin şəxsi, insani, siyasi iradəsidir.

Macarıstanın bu müstəqil iradəsini biz 44 günlük Vətən müharibəsində və sonrakı hadisələrdə və proseslərdə də gördük.

Baş nazir Orban öz çıxışında türklərin ata sözünü deyir: "Dost dar gündə tanınar". Azərbaycan kimi Macarıstan da təkcə xoş günlərin deyil, həm də və daha çox çətin anların dostu kimi dəfələrlə tarixin və zamanın sınaqlarından çıxıb. Mən siyasətdə səmimiyyət amilindən danışanda bunu nəzərdə tuturdum.

Bəli, bəziləri düşünür ki, siyasətdə səmimiyyət yoxdur. İfratçı Nakiavellistlər bu tezisi doqmalaşdırmağa çalışırlar. Təbii ki, belə də öz maraqları üçün tez-tez cinahlarını, dəyərlərini dəyişmək, dostlarını satmaq istəyənlərin işi asan olur. Ona görə bu fikri aksiom kimi təqdim edirlər. Bununla bağlı dünyada cild-cild kitablar yazılır, nəzəriyyələr qurulur. Amma Azərbaycan və Macarıstan dövlətləri və hər iki ölkənin lideri bu yanlış siyasi-mənəvi doktrinləri kökündən inkar edirlər. Azərbaycan və Macarıstan liderləri öz nümunələrində siyasətin insan siması daşıdığını bir daha açıq-aydın ortaya qoydular.

Bahəddin Həzi

Bahəddin Həzi, bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »