Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məktub diplomatiyası: sülhə sadiqlik və cəsarət ədəbiyyatı
Məktub diplomatiyası: sülhə sadiqlik və cəsarət ədəbiyyatı

ABŞ prezidenti Cozef Baydenin Azərbaycan prezidentinə məktubu haqqında yazmışdıq. Həmin məktubun birini də prezident Bayden Ermənistanın baş nazirinə göndərib.

Hər iki məktubda eyni olan bir çağırış var: bu ilin sonuna qədər Azərbaycanla Ermənistan arasında sülh sazişini yekunlaşdırmaq. Başqa sözlə, Bayden hər iki tərəfi qarşıdakı iki ayda bu sazişi imzalamağa çağırır.

Ancaq hər iki məktubda fərqli məqamlar da var. Hər nə qədər diplomatik üslub arxasında gizlətməyə çalışsa da, Azərbaycan prezidentinə yazdığı məktubuna prezident Bayden təzyiq elementləri də qatıb. Bunun, əlbəttə, ən bariz nümunəsi sülh danışıqlarını və sülh sazişini COP29-la əlaqələndirmək, yəni iqlim konfransını siyasiləşdirmək cəhdidir. Həmin cümləni bir daha oxuculara xatırladıram: "Dünyanın diqqəti COP29 ilə bağlı Bakıya yönəldiyi bir vaxtda qlobal ictimaiyyətə sülhə sadiqliyinizi nümayiş etdirmək üçün misilsiz imkana maliksiniz".

Azərbaycan dövləti, dövlətin başçısı, bütövlükdə Azərbaycan cəmiyyəti sülhə sadiqlikdən nə zaman imtina etmişdi ki?! Bundan əvvəl - 1991-ci ildən 2020-ci ilin payızına qədər Qarabağı və Şərqi Zəngəzuru Ermənistan qoşunları işğal etmişdilər. Bu işğal olsa da, Ermənistan cəzasızlıq hiss edərək, özünü müharibənin qalibi adlandırırdı. Azərbaycanla sülh danışıqlarından müxtəlif bəhanələrlə ya, ümumiyyətlə, yayınırdı, ya da vaxtı uzadırdı. Hətta işğalı legitimləşdirməyə çalışırdı. ATƏT-in keçmiş Minsk Qrupu da ona bu məsələdə kömək edirdi. Amma indi vəziyyət dəyişib; Azərbaycan müharibədə qalib gəlib. Ermənistana sülh təklif edib, ancaq Ermənistan yenə də ya danışıqlardan yayınır, ya da vaxtı uzadır. Məqsəd də məlumdur. Azərbaycan prezidenti Milli Məclisin yeni tərkibdəki ilk iclasında bunu açıq və dəqiq təsbit edib: Ermənistan qəsdən vaxtı uzadaraq, özünə hərbi potensial yaratmağa çalışır.

Bütün bunları ABŞ Administrasiyası da görür, Avropa İttifaqı da görür. Hər kəs görür. Ancaq ABŞ prezidenti bütün bunlara baxmayaraq, yenə də Azərbaycanın sülhə sadiqliyini şübhə altına alır. Sülhün təşəbbüskarını, sülh sazişinin müəllifini sülhə sadiqliyini "nümayiş etdirməyə" çağırır. Hansısa güzəştlərə çağırır.

Amma, Ermənistanın baş nazirinə, görün, nə yazır: "...Vətənpərvərliyi siyasətdən üstün tutaraq Siz cəsarətlə və ardıcıl olaraq sülh yolunu seçmisiniz".

Hansı cəsarətdən, hansı ardıcıllıqdan söhbət gedir?

Dörd ildən artıqdır ki, Azərbaycanla Ermənistan arasında müharibə bitib. Üç ildən artıqdır ki, Azərbaycan öz suverenliyini bərpa edib. Rəsmi Bakının Ermənistana sülh təklifindən və sülhün prinsiplərini, müzakirə üçün sazişin mətnini göndərməsindən aylar yox, illər keçib. Bu müddətdə Ermənistan rəhbərliyi, şəxsən baş nazir Nikol Paşinyan bu formatdan o formata, o formatdan bu formata atlanaraq, yaxud görüşlərdən qaçaraq, Azərbaycanın təkliflərinə cavabları gecikdirərək baş qatmağa çalışıb. Azərbaycanın olmadığı platformalarda Azərbaycanla sülhü müzakirə edib, ancaq Azərbaycanla müzakirədən yayınıb. Həm də dəfələrlə. Prezident Bayden bütün bu psevdodiplomatik fəndlərə, söz oyunlarına, geosiyasi janqlyorluğa "cəsarət" və "ardıcıllıq" deyir?!

Azərbaycan tərəfi təklif edir ki, Ermənistan öz Konstitusiyasında dəyişiklik etsin və Azərbaycana qarşı ərazi iddialarını öz Əsas Qanunundan, eləcə də, başqa qanunvericilik aktlarından çıxarsın. Çünki Azərbaycanın mövqeyi haqlı və aydındır: sülh sazişini Ermənistanla bağlamaq istəyir, Nikol Paşinyanla deyil. Ancaq Ermənistan hökumətinin, onun başçısının buna cəsarəti hələ də çatmır. Prezident Bayden də Nikol Paşinyana məktubunda qonşu dövlətlərə qarşı ərazi iddiaları (özü Konstitusion normalarda əks etdirərək) irəli sürməyin yolverilməzliyi haqqında, heç olmasa, bircə cümlə yaza bilərdi. Bu da olardı "cəsarət və ardıcıllıq". Amma biz əksini görürük: sülh sazişinin gecikməsinə görə Azərbaycanı qınama cəhdlərini müşahidə edirik. Məşhur mahnıda deyildiyi kimi: "Sən toyu ləngidirsən, məni danlayır hamı".

Bu yerdə oktyabrın 22-də Ermənistan Milli Məclisində sərhədlərin delimitasiyası və sərhəd təhlükəsizliyi komissiyasının reqlamentinin müzakirəsini xatırlatmaq istərdim. Həmin müzakirələri və səsverməni müxalifət boykot etdi; müxalif deputatlar reqlamentin ratifikasiyasına qarşı çıxdılar.

Bu fakt Azərbaycanın öz tələblərində nə qədər haqlı olduğunu bir daha sübut edir. Əgər Ermənistanın Konstitusiyasında və qanunlarında Azərbaycana qarşı ərazi iddiaları qalsa və tərəflər sülh sazişini bağlasa və bu müxalifət sabah Ermənistanda hakimiyyətə gəlsə, nə sülh qalar, nə saziş. Həmin qüvvələr hətta Konstitusiya Məhkəməsinin qərarına rəğmən sərhəd komissiyasının reqlamentini antikonstitusion sayıbsa, sabah hakimiyyətə gəlsə, Konstitusiyaya əsaslanaraq sülh sazişini denonsasiya (ləğv) etməzmi?! Əlbəttə, edər.

Azərbaycan sülhə sadiqliyi bu cür başa düşür. Sülhə sadiqlik yüksək kürsülərdən söylənən sözlərlə deyil, Konstitusion, hüquqi əsaslarla müəyyən olunur.

Bəli, Ermənistan baş naziri və xarici işlər naziri ABŞ prezidentinin elçisi Karpenterə də: "Biz dayanıqlı sülh istəyirik" deyiblər. Bunlar xüsusi köməkçiyə söylənmiş ümumi sözlərdir. Qonşularla sülh, bölgədə sabitlik və sair - bunlar Ermənistanda "ağız ədəbiyyatı"dır. Şifahi yaradıcılıq nümunələridir. Ancaq gerçək sülh, real sabitlik hüquqi sənədlərə əsaslanır və bu sənədlərdəki öhdəliklərə əməl etməklə mümkün olur. Bu səbəbdən Azərbaycan Ermənistan dövləti ilə, hətta Ermənistan cəmiyyəti ilə sülh bağlamağa çalışır, sadəcə, indiki hökumətlə deyil. Xalqla müqavilə isə ümumxalq səsverməsi ilə təsdiq olunan müqavilədir. Bunun da tək yolu Azərbaycanla sülhə mane olan müddəaları Konstitusiyadan çıxarmaqdır. Başqa heç bir yol sülhə aparmır.

ABŞ prezidentinin məktubundakı sülhə sadiqlik məsələsinə təkrar qayıdası olsaq, bir nüansı da xatırlatmaq istərdik: Ermənistan Konstitusiyasında təkcə Azərbaycana deyil, Türkiyəyə də qarşı ərazi iddiaları var. Türkiyə isə ABŞ-ın, özlərinin də etiraf etdiyi kimi, NATO üzrə ən vacib müttəfiqidir. Müttəfiqliyə sadiqlik də təkcə mühüm insani məziyyət deyil, həm də hüquqi öhdəliyə bağlılıqdır. Ermənistana göndərilmiş məktubda bu haqda nəinki bir cümlə, bir eyham belə yoxdur...

Bahəddin Həzi Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »