Prezident İlham Əliyev Belçika Krallığının yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun etimadnaməsini qəbul edərkən “Avropa müşahidəçilər missiyası” barədə danışıb. Prezident bildirib ki, Azərbaycan-Avropa İttifaqı münasibətlərində etimadsızlıq yaradan məsələlərdən biri də sərhəddə dırnaqarası “Avropa müşahidəçilər missiyasının” müddətinin Azərbaycanın razılığı olmadan uzadılmasıdır. “2022-ci ilin oktyabrında Praqada Azərbaycan ona razılıq vermişdi ki, bu missiya 2 ay orada qalsın və istefaya çıxmış məhdud sayda hərbi zabitlərdən ibarət olsun. Lakin bu missiyanın müddəti uzadıldıqda bizimlə heç kim məsləhətləşmədi. İndi də əlavə müddətə uzadılması istiqamətində müzakirələr aparılır. Missiya üzvlərinin davranışı, necə deyərlər, "binokl diplomatiyası" heç cür qəbuledilməz və hər hansı bir normal siyasi mədəniyyət standartlarından kənar idi"-deyə prezident qeyd edib. Dövlət başçısı bildirib ki, Avropa İttifaqı ilə təmaslarda bu məsələ qaldırılacaq.
Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Şəhla Cəlilzadə Bizimyol.info xəbər portalına açıqlamsında bildirib ki, Aİ missiyasının mandatının bitməsinə dörd ay qalıb. Bununla belə, Ermənistanla Avropa İttifaqı arasında müqavilədə qeyd olunur ki, müşahidəçilərin (və ya kəşfiyyatçıların) mandatı daha iki il müddətinə uzadıla bilər.
Şəhla Cəlilzadə“Vətən müharibəsinə qədər olan dövrdə Qərbin bir sıra institutları, o cümlədən Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası kimi müvafiq olaraq Aİ-nin qanunverici, Avropa Şurasının məşvərətçi qurumları Ermənistanın işğal siyasəti ilə bağlı məsələdə əsasən susqunluq nümayiş etdirirdilər. Onların nümayəndələri hər dəfəsində bu məsələnin ATƏT-in Minsk qrupunun işi olduğunu vurğulayırdılar. Lakin Vətən müharibəsində Azərbaycan zəfər qazandıqdan sonra ölkəmizə qarşı bu qurumlar başda olmaqla, total hücumlar başlandı və onlar qlobal erməni şəbəkəsinin əlində alətə çevrilməkdədirlər” - deyə Şəhla Cəlilzadə bildirib.
Şəhla Cəlilzadə qeyd edib ki, onlar sadəcə Ermənistanı müdafiə etməklə, silahlandırmaq üçün “Fond”larından yardım ayırmaqla qalmayıb, hətta Azərbaycana qarşı saxta iddialar, sanksiya çağırışları səsləndirirlər.
“Bu cür davranış, gələcəkdə Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin inkişafına mənfi təsir göstərərək, onu daha da zədələməkdən başqa özündə heç bir potensial daşımır. Bu, həm də Azərbaycan cəmiyyətində Aİ-yə qarşı etimadı zədələyir. Təsadüfi deyil ki, keçirilən ictimai rəy sorğularında da Aİ-nin bu cür davranışı ona qarşı Azərbaycan cəmiyyətində etimadın digər qlobal güclərlə müqayisədə daha aşağı olması ilə nəticələnir. Aİ qurumlarının Azərbaycana münasibətdə qərəzli olduğu, elə buna görə də ona həm Azərbaycan ictimaiyyəti, həm də siyasi elitasında etimadın, güvən səviyyəsinin hazırda aşağı səviyyədə olduğu söylənə bilər. Bütün bunlar Aİ üçün ciddi siqnaldır və bunu Aİ siyasətçilərinin diqqətinə çatdırmaq lazımdır ki, bunu da cənab Prezident edir. Prezident İlham Əliyevin Belçikanın yeni səfirini qəbul edərkən Azərbaycan-Aİ münasibətlərində etimadsızlıq yaradan məsələlərə toxunması Qərb üçün mühüm mesaj sayıla bilər. Azərbaycanla sərhəddə duraraq ölkəmizə qarşı “binokl diplomatiyası” təşkil etməklə, Azərbaycanı qaralayaraq Ermənistanla hərbi-siyasi-iqtisadi əməkdaşlığı dərinləşdirməklə, Azərbaycanın maraqlarının gözardı edilməsi ilə Cənubi Qafqazda uğurlu siyasət inşası reallaşdırıla bilməz”.
Politoloq bildirib ki, Azərbaycana qarşı qərəzli mövqe Aİ üçün Cənubi Qafqaz siyasətinin fiaskosu demək olacaqdır. Odur ki, Azərbaycanın lideri vurğulayıb ki, 10 Aİ ölkəsi ilə ayrılıqda strateji əməkdaşlıq səviyyəsinə yüksəldilən münasibətlərimiz mövcud olsa da, ümumavropa rəyi ölkəmizlə ittifaq arasında münasibətlərin gələcəyini təhdid edir. Halbuki, Azərbaycan Qərb üçün hər zaman etibarlı tərəfdaş olmuşdur. Avropanın bəhsolunan qurumlarının bu cür davranışı Azərbaycanın alternativ siyasi-iqtisadi və təhlükəsizlik platformaları arayışını gücləndirə bilər.
“Azərbaycan Qərb üçün hər zaman etibarlı tərəfdaş olmuşdur. Avropanın bəhs olunan qurumlarının bu cür davranışı Azərbaycanın alternativ siyasi-iqtisadi və təhlükəsizlik platformaları arayışını gücləndirə bilər. Bu barədə dərin düşünmək və münasibətləri bərpa etmək üçün müvafiq addımlar atmaq isə Aİ-nin məsuliyyəti olaraq qalır. Məsələn, ilk addım AŞPA-dakı nümayəndə heyətimizin fəaliyyətinin 2025-ci ilin yanvarında bərpa olunması haqqında qərar və Avropa Parlamentində Azərbaycana qarşı qərəzli mövqeyə son qoyulması ola bilər. Lakin, təəssüf ki, biz, Azərbaycana qarşı qərəzli mövqeyə son qoyulacağı ilə bağlı optimist deyilik. Məlumdur ki, ermənilərdən çox erməni olan AP nümayəndəsi Natali Luazo COP 29-un ölkəmizdə keçirilməsi əleyhinə yeni müzakirə, ehtimal ki, ardından da müvafiq qətnamə bəradə erməni lobbisinin sifarişini yerinə yetirməyə hazırlaşı”-deyən politoloq qeyd edib ki, bu kimi addımlar, o cümlədən Azərbaycan-Ermənistan sülh prosesinə mane olaraq ermənilərin revanşist hisslərinin artmasına töhfə verən Aİ-nin Müşahidə Missiyasının müddətinin uzadılması Aİ-Azərbaycan münasibətlərinin gələcəyinə dair müsbət vədlər vermir.
İradə Cəlil, Bizimyol.info






