Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yeni müharibə təhlükəsi hardan qaynaqlanır?
Yeni müharibə təhlükəsi hardan qaynaqlanır?

Sosial şəbəkədə AXCP sədri Əli Kərimlinin bir statusunu oxudum. Adətən adamları müzakirə etmirəm. Ancaq burda söhbət ideyalardan getdiyinə görə, öz fikirlərimi bölüşmək istərdim.

Status müəllifi yazır: "ABŞ-ın 60-a yaxın konqresmen və senatorunun Azərbaycan hakimiyyətindən 300 nəfərdən artıq siyasi məhbusun hamısını COP 29 ərəfəsində azad etmək çağırışı Azərbaycandakı rejimi çox həyəcanlandırıb... Necə həyəcanlanıblarsa, reallıq hissini itirərək ABŞ-ı sanksiya ilə hədələməyə başlayıblar".

Müəllifin yazdığına görə, müxalif siyasi fəallar qarşılıq olaraq Milli Məclis deputatlarının xarici işlər naziri Ceyhun Bayramova ünvanladıqları müraciətə gülür...

Bu fikirlərdə razılaşdığım bir məqam varsa, o da günahsız məhbusların azad edilməsidir. Mən "siyasi məhbus" ifadəsini qəsdən işlətmədim. Daha əvvəl də bir yazımda yazmışdım ki, "SİYASİ MƏHBUS" ifadəsini "GÜNAHSIZ MƏHBUS" ifadəsi ilə əvəz etmək lazımdır. Azərbaycan həbsxanalarında ən azı nəzəri cəhətdən o qədər günahsız məhbus var ki... Onların sayı bəlkə heç 300 deyil. Bəlkə dəfələrlə çoxdur. Siyasi partiyalar, vətəndaş cəmiyyəti, hüquq müdafiəçiləri təkcə "siyasi məhbus" saydıqlarının deyil, bütün günahsız məhbusların azadlığı üçün çalışmalıdır. Hərə özünə yaxın bildiyini müdafiə etməklə kifayətlənməli deyil. Heç bir siyasi partiyaya, heç bir siyasi cinaha qoşulmamış, amma günahsız yerə həbs edilmiş insanların hamısının hüquqlarını müdafiə etmək gərəkdir. Bu, birinci məsələ...

İkincisi, Azərbaycan Milli Məclisi deputatlarının xarici işlər naziri Ceyhun Bayramova müraciətinə kim gülür, bilmirəm. Burda gülməli nə var?! Mən o "siyasi fəallar"a deyərdim: gülürsünüzsə, ABŞ Konqresmenlərinin dövlət katibi Entoni Blinkenə müraciətinə də gülün. Həm də acı-acı gülün. Çünki həmin müraciətdə Azərbaycanın Qarabağı azad etməsi "hərbi təcavüz" adlandırılır.

Təsəvvür edin: ABŞ Konqresmenləri Azərbaycanın öz ərazisinin bir hissəsinə "hərbi təcavüz" etdiyini yazır. Yaxud "Azərbaycanda həll olunmamış ərazi münaqişələri" ifadəsini işlədirlər. Hardadır o "həll olunmamış ərazi münaqişələri"?!

Bundan başqa Konqresmenlər Azərbaycanın guya Qarabağda "etnik təmizləmə" həyata keçirdiyini iddia edirlər. Bizim müxalifət fəalları isə Konqresmenlərin müraciətindəki bu cür ciddi iddiaları, əsassız ittihamları "görmür", bircə "siyasi məhbusların azad olunması" çağırışını görür.

Nə qəribə işdir!

Milli Məclisin deputatları necə seçilib, ya seçilməyib, məsələ bu deyil. İstənilən halda onların Azərbaycanın xarici işlər nazirinə müraciəti məntiqlidir. Müxalifət bunu: "Azərbaycan ABŞ-ı sanksiya ilə hədələyir" formasında təqdim edib gülür. Amma bu təqdimatın özü gülüncdür. Çünki söhbət sanksiyadan getmir, bəzi sazişlərə yenidən baxılmasından gedir. Bu, cəza deyil, adekvat cavab reaksiyasıdır.

İndiki müxalifət iqtidarda olsaydı, ABŞ və ya başqa bir xarici güc Azərbaycana qarşı bu cür haqsız, əsassız ittihamlar irəli sürüb, aşağılayanda, nə cür cavab verərdi?! Sakitcə dayanıb, bütün ittihamları qəbul edərdi?! Yoxsa daha da irəli gedib, üzr istəyərdi?!

Bəli, o 58 Konqresmen günahsız məhbusları azad etməyə çağırıb. Ancaq eyni zamanda Azərbaycandan Ermənistan qarşısında təslim olmağı da tələb ediblər axı. Cinayətkarı deyil, zərərçəkəni cəzalandırmağa çağırış ediblər. Bu konqresmenlər öz dövlətindən Azərbaycanı Ermənistana təslim etdirməyi tələb ediblər.

İndi nə edək?! Nə təklif edirsiniz?! Bununla razılaşaq?! Bu qədər də olmaz axı. Amerikanın özündən də artıq Amerikaçı olmaq lazım deyil.

Status müəllifi daha sonra yazır:

"Aydın deyilmi ki, Azərbaycanın bir qarış torpağından da güzəştə getmədən, Azərbaycan və Ermənistanın ərazi bütövlüyü və suverenliyinin təmin edilməsi şərtilə Ermənistanla sülh sazişi imzalamaq və ölkəni nəhayət, davam edən müharibə rejimindən qurtarmaq milli maraqlarımıza nəinki zidd deyil, milli maraqlarımızın özüdür ki, var? Dünyanın, xüsusilə də regionumuzun indiki qarışıq vaxtında Azərbaycanı növbəti müharibə təhlükəsindən sığortalamaq milli maraqlarımıza nəyə görə zidd olsun?"

İlk oxunuşdan tam məntiqli görünür. Ancaq reallıqda vəziyyət daha mürəkkəbdir.

Niyə mürəkkəbdir?

Çünki regionda yeni müharibə təhlükəsi ABŞ, Fransa kimi dövlətlərin Ermənistanı sürətlə silahlandırmasıdır. Regionda yeni müharibə təhlükəsi yaradan faktor NATO hərbi kontingentinin "Avropa İttifaqı Müşahidə Missiyası" adı altında Ermənistan-Azərbaycan sərhədləri boyu yerləşdirilməsidir. Regionda yeni müharibə ocağını hər an alovlandıra biləcək amil Ermənistanın məlum Almatı bəyannaməsini öz maraqlarına uyğun yanlış formada interpretasiya etməsidir. Eləcə də, regionda müharibə təhlükəsini qidalandıran format Minsk Qrupunun özüdür ki, var.

Azərbaycan təklif edir ki, Ermənistanla birlikdə hər iki dövlət Minsk Qrupunun buraxılması ilə bağlı ATƏT-ə müraciət etsin. Ermənistan buna cavab verməyi cürbəcür bəhanələrlə yubadır. Amma biz deyirik ki, Azərbaycan sülhü tezləşdirsin, eləmi?!

Deyirsiniz ki, Ermənistanla sülh sazişini tezləşdirib, bölgəni və ölkəni yeni müharibə təhlükəsindən sığortalamaq lazımdır.

Yenə də ilk baxışdan doğru fikirdir. Amma və lakin!

Əgər Ermənistan Konstitusiyasında hələ də Qarabağ Azərbaycanın deyil, Ermənistanın ərazisi kimi göstərilirsə, hansı sığortadan söhbət gedir?! Ermənistanla tezbazar imzalanacaq sülh sazişi qonşu ölkənin Konstitusiyasından üstün hüquqi qüvvəyə malik olacaq?! Konstitusiya necə referendumla qəbul edilibsə, Azərbaycan-Ermənistan sülh sazişinin də arxasında belə bir ümumxalq iradəsi dayanmalıdır. Həm o tərəfdə, həm bu tərəfdə. Onun da yolu referendum yolu ilə Konstitusiyaya dəyişikliklər etmək, Azərbaycana qarşı ərazi iddialarını Əsas Qanundan çıxarmaqdan keçir. Azərbaycanın da Ermənistandan tələb etdiyi elə budur. Yeni müharibədən sığortalanmaq üçün. Hətta hüquqçu olmayan da bilir ki, indiki şərtlərdə sülh sazişi imzalansa, Paşinyandan sonrakı hakimiyyət Ermənistan Konstitusiyasına əsaslanaraq, o sazişi denonsasiya edəcək. Budur sığortalanmaq?!

Baxıram, Müsavat Partiyası da Azərbaycan hökumətindən sülh sazişini tezləşdirməyi tələb edir. Çox maraqlı vəziyyətdir: Azərbaycan Ermənistana sülh sazişi ilə bağlı təkliflər göndərir, cavab 70 gündən sonra gəlir (!) Bu halda, kimdir sülhü ləngidən?! Kim tezləşdirməlidir?!

Bəli, sülh sazişi nə qədər tez imzalansa, o qədər yaxşı olar. Ancaq gerçəkdən sülh olacaqsa, o, sazişsiz də olacaq. Gerçəkdən olmayacaqsa, istəyirsən bir yox, yüz müqavilə bağla. "Necə olur-olsun, təcili sülh müqaviləsi imzalayaq" deyə yanaşma da doğru deyil, axı. Müharibə təhlükəsi hardan qaynaqlanırsa, sülhün tezləşdirilməsi də ordan olmalıdır. Azərbaycan 44 günlük müharibədən dərhal sonra sülh müqaviləsi təklif edib. İlkin mətnini də özü hazırlayıb, göndərib. Ermənistandan gələn şərhlərə də dərhal reaksiya bildirib. Başqa nə cür olur tezləşdirmək?! Ümumiyyətlə, müxalifət partiyaları: "Azərbaycan sülh sazişini imzalamağı tezləşdirsin" deyəndə nəyi nəzərdə tuturlar?! Yoxsa bizim müxalifət Nikol Paşinyanın: "Razılaşdırılmış bəndləri imzalayaq, qalanı sonraya qalsın" təklifini Azərbaycanın qarşısına tələb kimi qoyur?!

Nə bilim?! Buna inana bilmirəm. İnanmaq istəmirəm. Çünki regionda gedən prosesləri, o cümlədən, Azərbaycan-Ermənistan sülh gündəliyini az-çox izləyən hər kəsə məlumdur ki, sülh sazişinin imzalanmasını yubadan tərəf Ermənistandır. Məhz Ermənistan Azərbaycanın qəbul etməyəcəyi təkliflərlə baş qatıb, müddəti uzadır. Məqsəd Azərbaycanla hərbi güc balansını tarazlaşdırmaq, hətta öz xeyrinə dəyişməkdir. Bununla bağlı atılan addımlar da hər kəsə bəllidir. Ermənistan 500 kilometr məsafədəki hədəfləri vura biləcək yeni silah sistemləri alır. Ermənistanın bir başından o biri başına heç 500 kilometr yoxdur. Hansı özünümüdafiədən söhbət gedir?! Deməli, bu, hücum məqsədli silahlanmadır. Sülh sazişini də məhz bu hazırlıqları başa çatdırmaq üçün gecikdirir. Əks halda Azərbaycanın tələblərini yerinə yetirmək çox uzun vaxt istəmir; Konstitusiyada dəyişiklik proseduru (referendumu hazırlamaq və keçirmək) maksimum 2-3 ay vaxt alar. Minsk Qrupunun ləğvi üçün birgə müraciət isə, ən uzağı lap bir-iki həftə çəksin (hərçənd bu da çox uzun vaxtdır). Almatı sazişinə istinadən yanlış interpretasiyadan imtinaya gəlincə, bunu dərhal etmək olar.

Ancaq biz Ermənistanda bu iradəni görmürük, əksinə sülh gündəliyi üzərindən manipulyasiya və Azərbaycan əleyhinə beynəlxalq siyasi təzyiq koalisiyası qurmağa cəhdlər görürük. Sonuncu belə cəhd bu günlərdə Beynəlxalq Frankofoniya Təşkilatının platformasında Azərbaycan əleyhinə qəbul edilən sənəddir.

"Biz" də durub, deyirik ki, "Azərbaycan sülhü tezləşdirsin"...

Bahəddin Həzi Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »