2023-cü il 23 saatlıq lokal antiterror əməliyyatı zamanı Azərbaycan dövlətinə qarşı cinayət aktları həyata keçirmiş qondarma "artsax" rəhbərləri həbs edildi. Bu gün onlar Azərbaycan həbsxanalarında saxlanılır. Zaman-zaman Ermənistan və üçüncü ölkələrin cinayətkarların ölkəsinə geri qaytarılması ilə bağlı tələbləri ilə qarşılaşırıq.
Onları bağışlamaq olarmı?!
"Ağ Partiya"nın sədr müavini Əhəd Məmmədli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, hərbi cinayətkarların müharibələrdə həbs edilməsi ilə cəzalandırılması ilk iş deyil: "Onlar kim üçün cinayətkar, kim üçün də qəhrəmandır. Belə faktlar çox olub. Azərbaycan ərazisində cinayətlərlə məşğul olan, Azərbaycan ərazisində qondarma ölkə yaradan, Azərbaycan əhalisinə qarşı silah tətbiq edən, qətlə yetirən insanlar həbsxanada rahat şəkildə çay içirlər?!"
Əhəd MəmmədliƏhəd Məmmədli qeyd edib ki, bu şəxslər adi cinayətkarlar kimi saxlanılır. Politoloqun fikrincə, belə olmamalıdır.
"Məsələn, digər ölkələrdə ruslar cinayətkar saydığı insanlara qarşı necə rəftar edirlər? Xatirimdədir, Salmon Radoyevə ömürlük cəza verdilər. Rusiyada "ömürlüklər" həbsxanası var. Oradan Salmon Radoyevi kameradan çıxarılanda qolu arxadan bağlı, beli bükülü çıxarırlar. Amma bizdə elə fotolar var? Çay içirlər gülə-gülə. Bu cür hərbi cinayətkarlarla belə rəftar edilməməlidir. Ona-buna xoş gəlsin deyə belə davranmaq olmaz. Onsuz da Avropa səni bəyənməyəcək. Sən lap onları buraxsan da yenə səni bəyənməyəcək, səni qəbul etməyəcəklər. Onlar çox ciddi sərtlik göstərilən həbsxanada olmalıdır və onlara etdikləri əməllərin qarşılığına layiq yanaşılmalıdır. Onlar kameralarında karser vəziyyətində belə saxlanılmalıdır. Mən azından hələ başqa qeyri-rəsmi üsulları demirəm. Hansı ki ,bizim həbsxanalarda onu çox gözəl bilirlər, bacarırlar. Amma nədənsə vətən xainlərinə qarşı bu tətbiq edilmir" deyə politoloq bildirib.
Əhəd Məmmədli maraqlı bir fakta da toxunub. Politoloq qeyd edib ki, Azərbaycana qarşı xainlik edənlər türmədə çay içirlər.
"Nədənsə bu vətən xainlərinə qarşı, Azərbaycan düşmənlərinə qarşı həmin o sərt rəftarı görmürük. Onlara qarşı sərt rəftar olunmalıdır. Onlar ömürlərinin sonuna qədər Azərbaycan həbsxanalarında qalmalı və çürüməlidirlər. Sözün əsl mənasında, həbsxanada çürüməli və məhv olmalıdırlar"- deyə politoloq bildirib.
İradə Cəlil, Bizimyol.info






