"Prezident İlham Əliyevin dəyişiklik etdiyi sərəncamla 20 sentyabr tarixi Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi təsdiq olunması çox əhəmiyyətli hadisədir. Çünki bu şəhərlər işğaldan azad olunmuş digər ərazilərdən fərqli olaraq erməni separatçılarının işğalı altında qalmışdı. İnsanlar öz doğma yurdlarının işğaldan azad olunmasını səbirsizliklə gözləyirdilər".
Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Azər Badamov danışıb. Deputat bildirib ki, dövlət başçısının uzaqgörən siyasəti və nəyi, necə, nə zaman etmək lazım olduğunu hamıdan yaxşı bilməsi sayəsində 23 saatdan az bir vaxtda keçirilmiş lokal antiterror tədbirləri ilə həmin şəhərlər işğaldan azad olundu.
Azər Badamov“Bu gün həmin ərazilərə keçmiş məcburi köçkünlər qayıdırlar. Xankəndində bu ildən Qarabağ universiteti fəaliyyətə başladı. O cümlədən, digər sosial infrastruktur layihələri də uğurla icra olunur. Məhz 20 sentyabrda keçmiş Dağlıq Qarabağ ərazisi işğaldan azad olunduğuna görə həmin eyni tarixi də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərin günləri kimi bayram olunması çox məntiqlidir. Çünki bu şəhərlər, məhz 20 sentyabrdan öz doğma sakinləri ilə yenidən nəfəs almağa başlayıb. Yəni bu ildən sonra həmişə 20 sentyabr tarixində həmin şəhərlərdə bir bayram əhval ruhiyyəsi yaşanacaq. İnsanlar öz həyatlarını doğma yurdlarında xoşbəxt yaşamaqda davam edəcəklər. 20 sentyabr tariximizə qızıl hərflərlə yazılmışdır. Bu tarixin şəhərlərimizin günləri kimi qeyd olunması bayrama bayram qatacaq”.
İradə Cəlil, Bizimyol.info






