İyulun 28-də Beyləqanda şəhid Həmid Həmidlinin doğum günü ilə bağlı tədbir keçirilib. Tədbir iştirakçıları şəhidin Beyləqan rayonunun Milabad qəsəbəsində olan məzarını ziyarət edib, Həmid Həmidli haqqında ürək sözlərini dilə gətiriblər. Şəhidə həsr olunan xüsusi məclisdə rayon icra hakimiyyətinin nümayəndələri, QHT-lər, ictimai xadimlər, şəhid ailələrinin üzvləri, qazilər və media nümayəndələri iştirak edib.
Bizimyol.info xəbər verir ki, Beyləqan Rayon İcra Hakimiyyətinin müavini Yeganə Məmmədova çıxışı zamanı öncə şəhidin valideynlərinə başsağlığı verib.

“Şəhid tədbirində iştirak etmək həm qürurlu, həm də çətindir. Şəhidlik uca bir zirvədir. Şəhidlik elə bir məktəbdir ki, biz o məktəbdən mübarizliyi, Vətən uğrunda göz qırpmadan candan keçməyi öyrənə bilirik. Şəhidlər bizim baştacımızdır. Onlar bizim 30 illik əsarətimizə son qoyan insanlardır.
44 günlük Vətən müharibəsi elə bir müharibə idi ki... Azərbaycanın elə bir ailəsi yox idi ki, ona təsir etməsin. Bu ailə 44 günlük Vətən müharibəsində də şəhid vermişdi. Vətən müharibəsi Azərbaycanın 30 illik əsarətinə son qoydu. Halbuki Azərbaycan 30 ildə dəfələrlə danışıqlara getmişdi. Öz sözünü deməyə çalışmış, hüquqlarını bərpa etmək istəmişdi. Təəssüflər olsun ki, Azərbaycan meydanda tək qalmışdı. Və Ali Baş Komandan qərar verdi, müharibə qaçılmaz oldu. Müharibə həm də Azərbaycan xalqının mübarizliyini ortaya qoydu. Bir daha sübut etdi ki, öz canı və qanı bahasına olsa da, bir qarış torpağını düşmənə güzəştə getməyəcək. Heç bir qələbə itkisiz olmur. Azərbaycan da bu müharibədə 3000-ə yaxın şəhid verdi. Beyləqan da çox sayda şəhid verdi”-deyən Yeganə Məmmədova bildirib ki, bu həm də beyləqanlıların öz torpaqlarına olan sevgisini sübut edir.
Yeganə Məmmədova, 1 günlük lokal antiterror əməliyyatından söz açıb. İcra Hakimiyyətinin nümayəndəsi qeyd edib ki, Vətən müharibəsində yarım qalan planlar 1 günlük lokal antiterror əməliyyatı zamanı həyata keçirildi və Azərbaycanın ərazi bütövlüyü təmin olundu.
Kapitan Həmidli Həmidli də bir lokal günlük antiterror əməliyyatı zamanı şəhidlik zirvəsinə ucalıb...

İcra hakimiyyətinin nümayəndəsinin çıxışından sonra qeyri-hökümət təşkilatlarının nümayəndələri çıxış edərək, şəhidin ailəsinə təsis etdikləri diplomları təqdim etdilər.

Xatırladaq ki, kapitan Həmid Əlisahib oğlu Həmidli 28 iyul 1996-cı ildə Beyləqan rayonunun Milabad qəsəbəsində dünyaya gəlib.
Həmid 2002-2010-cu illərdə Cəbrayıl rayonu 21 saylı ümumi orta məktəbdə, 2010-2013-cü illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 2013-2017-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2017-ci ildə leytenant rütbəsi alaraq, "N" saylı hərbi hissədə tank tağım komandiri, 6 ay sonra xidmətdə fərqləndiyinə görə tank bölüyünün komandiri vəzifəsinə təyin olunub.
2020-ci il 12 iyul tarixində Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində başlayan döyüşlərdə iştirak edib. 44 günlük Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Qubadlı və Xocavənd rayonlarının azadlığı uğrunda gedən döyüşlərin də iştirakçısı olub. Həmid Həmidli 8 oktyabr 2020-ci ildə Hadrut qəsəbəsi uğrunda gedən döyüşlərdə yaralanıb.
Kapitan Həmid Həmidli 2023-cü il sentyabrın 19-20-də Qarabağda 1 günlük lokal antiterror tədbiri zamanı şəhid olub. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə şəhid kapitan Həmid Həmidli “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şücaətə görə”, “İgidliyə görə”, “Vətən müharibəsi iştirakçısı”, “Vətən uğrunda” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.
İradə Cəlil, Bizimyol.info