Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Dayanacaqda "işləməyən" kondisionerlərlə bağlı monitorinq aparılır" - AYNA-dan rəsmi açıqlama
"Dayanacaqda "işləməyən" kondisionerlərlə bağlı monitorinq aparılır" - AYNA-dan rəsmi açıqlama
İctimai nəqliyyatda gedişhaqqı artırılsa da, göstərilən xidmətin keyfiyyəti illərdir ki, yerində saymaqda davam edir. Bakı Nəqliyyat Agentliyinin vaxtında vətəndaşların rahatlığı üçün hazırlanan smart tipli, qiyməti 25 min manatdan başlayan dayanacaq pavilyonları küçə heyvanlarının girib-çıxdığı və gecələdiyi, içinə tullantıların atıldığı antisanitar məkana çevrilib. Bu tipli əksər dayanacaqlarda qiyməti min manat və üzərində olan kondisionerlər də işləmir. Onları ya hələ də qoşulmamış, ya da nasaz vəziyyətdə müşahidə edirik. Sensor qapılara sahib bu dayanacaqlar elektrik enerjisindən məhrum olduğuna görə, həmin qapılar da işləmir və artıq yararsız hala düşüb.

Bu dayanacaqlardakı kondisionerlərin, sensor qapıların hələ istifadəyə verilmədiyi və gələcək üçün nəzərə tutulduğu deyilsə də, hələ ki, hansısa bir dəyişiklik yoxdur. Çünki bu dayanacaqlar illərdir ki, mövcuddur. Gənclik və Nərimanov metrostansiyası yaxınlığında olanlar da artıq dayanacaq funksiyasını bir "kənar"a atıb.

Eyni vəziyyət şəhərin daxilində 50 qəpik qarşılığında "xidmət" göstərən ictimai nəqliyyata, yəni avtobuslara da aiddir. Qapısı bağlanmayan, kir, pas, çirk içində olan və əksəriyyətində kondisioner, sağlam oturacaq olmayan bu avtobuslara vətəndaş niyə 50 qəpik verir? Onu 50 qəpiklik edən hansı möhtəşəm xidmət səviyyəsidir? Bir halda ki, insanlar hələ də işinə, evinə bir-birinin belində gedib gəlir, nizami interval yoxa çıxıb və avtobuslar ən yaxşı halda 20-25 dəqiqədən bir, dolu halda gəlirlər.

İctimai nəqliyyatda gediş haqqı qəfil 10 qəpik artdı, ancaq keyfiyyət hər keçən gün geri gedir. Bir neçə gün sonra xəstəxanalara günvurma müraciəti ilə kütləvi axınların olacağını müşahidə edəcəyik. Ancaq bu dayanacaqlar sağlam vəziyyətdə olsalar, hadisənin qarşısını da almaq asanlaşar. Mərkəzdən bir qədər uzaqlaşıb qəsəbələri müşahidə etsək, burada ictimai nəqliyyatın və dayanacağın necə acınacaqlı vəziyyətdə olduğunu görərik.

Problemlə əlaqədar AYNA-dan Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq bildirilib ki, hazırda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən smart dayanacaqlarla bağlı monitorinq aparılır: "Bütün nöqsan və çatışmazlıqlar aradan qaldırılacaq".

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »