Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qızılın və gümüşün qiymətinin artması dünya üzrə siyasi-iqtisadi gedişata əsasən baş verə bilər"
"Qızılın və gümüşün qiymətinin artması dünya üzrə siyasi-iqtisadi gedişata əsasən baş verə bilər"

Əgər siz qızılın qiymətinin hazırda yüksək olduğunu düşünürsünüzsə, gələn ilə qədər gözləyin. TD Securities-in idarəedici direktoru və qlobal əmtəə strategiyasının rəhbəri Bart Melek bildirib ki, qızılın qiyməti yenidən yüksələcək. "Çox güman ki, biz gələn ilin birinci rübündə qızılın qiymətlərində əhəmiyyətli artım görəcəyik. Qızıl qiymətlərinin son artımı qismən mərkəzi bankların böyük alışları ilə bağlı olub - onlar "bir il əvvəl, keçən il rekord miqdarda qızıl alıblar", Melek bildirib. JP Morganın proqnozlarına görə, 2025-ci ildə qızılın 2600 dollar, gümüşün 34 ABŞ dollarına çatacağı gözlənilir. Bank of America isə, yaxın 12-18 ayda qızılın $3000 olacağını təxmin edir. Hazırda qızılın qiyməti 2325 ABŞ dolları, gümüşün qiyməti isə, 29,1 ABŞ dollarıdır.

İqtisadçı Pərviz Heydərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, qızılın qiymətinin artacağı ilə bağlı proqnozlar dünya iqtisadiyyatındakı qeyri-müəyyənliklə əlaqədardır.

Pərviz Heydərov Pərviz Heydərov

"Ümumiyyətlə, bir şeyi nəzərə çatdırım ki, qızılın qiyməti adətən qlobal iqtisadiyyatda qeyri-müəyyən vəziyyət yarandıqda qalxmağa başlayır. Yəni investorlar dünya iqtisadiyyatında normal vəziyyət olduqda ABŞ valyutasına və yaxud da ki, dünyanın digər aparıcı ölkələrinin valyutalarına yatırım ediblərsə, qeyri-müəyyən bir vəziyyət yaranan kimi öz vəsaitlərini qiymətli metal olaraq qızıla yatırmağa başlayır.

Son illər ərzində, son vaxtlarda qızılın qiymətinin nəyə görə artığına diqqət yetirsək, məhz dünya iqtisadiyyatında yaranan qeyri müəyyən vəziyyətlə əlaqədar izah olunur. Yəni geosiyasi vəziyyətin mürəkkəbləşməsi, Rusiya-Ukrayna müharibəsi, yaxın Şərqdə qeyri-müəyyən vəziyyət, hər an geniş miqyaslı müharibənin meydana gələ biləcəyi təhlükəsi və s. Bununla əlaqədar olaraq investorlar öz vəsaitlərini qızıla yatırmağa başlamışdılar ki, qızılın da qiyməti məhz buna görə son vaxtlar bahalaşmış, 2000 dollardan yuxarı qalxmışdı"-deyə Pərviz Heydərov qeyd edib.

Ekspertin fikrincə, eyni zamanda gümüşün də qiymətli metal olaraq bazardakı dəyəri yüksəlib.

“Buna müvafiq olaraq da qeyd etdiyiniz Bank of America, JP Morgan və digərləri gələn il üçün, ümumiyyətlə yaxın perspektivdə qızılın qiymətinin daha da artacağını proqnoz edirlər. Amma bunu dəqiq olaraq da təsdiqləmək mümkün deyil. Qiymət artımı dünya iqtisadiyyatının inkişaf gedişatından asılıdır. Əgər mövcud geosiyasi münaqişələr daha da qızışmağa davam edərsə, bu barədə yenidən danışmaq olar.

Rusiya-Ukrayna müharibəsinin hələ ki, taleyi necə olacaq, məlum deyil. Yaxın Şərqdəki vəziyyət, Çin-Tayvan münaqişəsi, Çinin Tayvan ilə bağlı ABŞ-la olan intiriqası və s. Bu il Amerikada seçkilər olacaq. ABŞ-da kimin prezident olaraq seçiləcəyi məsələsi və ABŞ-ın növbəti ildə yeni prezident seçkilərindən sonra siyasi mövqeyinin nədən ibarət olacağı - Rusiya-Ukrayna müharibəsinə, Avropaya, Çinə yaxın Şərqdəki hadisələr, yeni seçiləcək prezidentin nə kimi mövqe tutacağı məsələsi hələ sual altındadır. Yəni bunlar hələ aydınlaşmamış, qızılın qiymətinin artmaqda olacağını proqnoz etmək hələ tezdir. Amma mövcud gedişat qlobal iqtisadiyyatda yaxın müddətdə vəziyyətin stabilləşəcəyini və hər şeyin öz məcrasına qayıdacağını proqnoz etməyə imkan vermir”-deyən iqtisadçı bildirib ki, bu səbəbdən də, qiymətli metalların dəyərinin artacağı ilə bağlı proqnozlar, yəni investorların daha çox qızıla yatırım edəcəyini hələlik qaçılmaz hesab etmək mümkündür.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »