Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Təl-Əvivdə erkən seçki və girovların azad edilməsi tələbi ilə etiraz aksiyaları keçirilir
Təl-Əvivdə erkən seçki və girovların azad edilməsi tələbi ilə etiraz aksiyaları keçirilir

İsraildə axşam saatlarında Qəzza zolağında fələstinli radikalların saxladığı girovların dərhal azad edilməsi və ölkədə erkən seçkilərin keçirilməsi tələbi ilə kütləvi etirazların yeni dalğası başlayıb.

Bizimyol.info xəbər verir ki, ölkə mətbuatının verdiyi məlumata görə, Nazirlər Kabinetinin istefası tələbi ilə ən böyük nümayiş Təl-Əvivdə, şəhərin şərqindəki hökumət binaları kompleksinin yaxınlığında başlayıb.

Mitinq iştirakçılarının çoxunun əlində Qəzzada qalan girovların fotoşəkilləri olub. Bəzi nümayişçilər İsrail hökumətindən qaçırılanların tez bir zamanda geri qaytarılması üçün Fələstinin radikal HƏMAS hərəkatı ilə razılaşmanı tələb edirlər. Bundan əlavə, etirazçılar yenidən ölkədə növbədənkənar seçkilərin keçirilməsi tələblərini səsləndiriblər.

İsraildə 2023-cü ilin oktyabr ayından mütəmadi olaraq girovlara dəstək aksiyaları keçirilir. Onların ən böyüyü hər şənbə axşamı Təl-Əvivdə keçirilir, daha kiçik nümayişlər Qüds və Qeysəriyyə də daxil olmaqla ölkənin bir çox başqa şəhərlərində təşkil edilir.

2023-cü il oktyabrın 7-də Qəzza zolağından silahlı Həmas tərəfdarlarının İsrail ərazisinə hücumu, sərhəd yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi və 240-dan çox girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Buna cavab olaraq İsrail HƏMAS-ın hərbi və siyasi strukturunu məhv etmək və oğurlananların hamısını azad etmək məqsədi ilə anklavda hərbi əməliyyata başlayıb.

Noyabrın sonunda Misir və Qətərin vasitəçiliyi ilə bir həftə davam edən müvəqqəti humanitar barışıq yaradılıb və bu müddət ərzində İsrailin məlumatına görə, 110 girov azad edilib. Dekabrın 1-də atəşkəs pozulub, döyüşlər yenidən başlayıb və bu gün də davam edir.

İsrailin son məlumatlarına görə, Qəzza zolağında hələ də 120 nəfər girov saxlanılır.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »