Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pay torpaq sahiblərinin "beşikdə boğulan" sahibkarlıq təşəbbüsü... İri sahibkarlıq iqtisadiyyatı cənginə alıb
Pay torpaq sahiblərinin "beşikdə boğulan" sahibkarlıq təşəbbüsü... İri sahibkarlıq iqtisadiyyatı cənginə alıb

Pay torpaq sahibi olan kəndli, adətən, bunun faydasını görə bilmir. Əkib-becərmək, fərdi təsərrüfatla məşğul olmaq heç də asan deyil. Hər şeydən əvvəl susuzluğu nəzərə almaq lazımdır. Kəndlərdə adicə içməli su problemi həllini tapmayıb. İnsanlar kustar üsullarla su əldə etməyə çalışır. Hələ də uzunqulaqla su gətirirlər. Bu şəraitdə fərdi təsərrüfat yaradılmasından, hər hansı inkişafdan danışmağa dəyməz.

Bizimyol.info xəbər verir ki, pay torpaq sahibi olmaq başqa müstəvidə kəndlinin zərərinə işləyir. Sosial yardım almaq məsələsində pay torpaq ciddi əngələ çevrilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində hesab edirlər ki, kiməsə torpaq sahəsi verilibsə, daha o şəxsin ailəsi yoxsul sayıla bilməz. Heç bir halda fərdi təsərrüfat yaratmaq imkanlarının məhdud olması nəzərə alınmır. Bir növ pay torpaqla imtina bəhanəsi yaranır.

İqtisadçı Rövşən Ağayev pay torpaq sahiblərinin daha bir dərdini qabardıb. Kənd ərazilərində sənaye təyinatlı torpaqların olmaması belə yaşayış məntəqələrində məskunlaşanların başqa müstəvidə əl-qolunu bağlayır. Onlar pay torpaq sahələrində sahibkarlıq subyekti yarada bilmirlər. Qanunvericilik kəndliyə istehsalat binası tikməyə imkan vermir. Yəni istehsal etdiyin məhsulun emalı mümkünsüz olur.

Əlbəttə, Torpaq Məcəlləsinə dəyişiklik olub. Pay torpaq sahibləri ərazinin kiçik bir hissəsində emal məqsədli tikinti apara bilər. Amma bunun üçün torpaq sahən 5 hektardan az olmamalıdır. Bu da o deməkdir ki, böyük əksəriyyətə tikinti icazəsi yoxdur. Çünki pay torpaq sahəsi olanların ümumi statistikasında həmin kəsim heç 3 faiz yer tutmur. Beləcə, sahibkarlıq təşəbbüsü də beşikdə boğulur.

“Bu, o deməkdir ki, hökumətin son qərarından iri mülkiyyətçilər bəhrələnəcək. Onsuz da iqtisadiyyatı tamamilə monopol və iri sahibkarlığın cəngində olan ölkədə açılan hər yeni imkan da onların maraqlarına xidmət edir. Məsələn, 2 hektar torpağın 1 faizi 200 kvadratmetr deməkdir. Niyə burda da 100-150 kvadratmetr ölçüdə bir emal müəssisəsi tikmək mümkün olmasın? Yaxud iki qonşu və hərəsinin 2 ha torpağı var, torpaqlarını birləşdirmədən ortaq emal müəssisəsində öz bacarıqlarını sınamaq istəyirlər. Niyə bunlara oxşar imkan tanınmasın? Böyük sayda insan üçün faydasız qərarlar ona görə verilir ki, heç bir qanunverilcilik təşəbbüsü normal müzakirə olunmur, kənar rəy öyrənilmir”, - Rövşən Ağayev fikrini belə ifadə edib.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »