Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Sertifikasiyada zəif göstəricisi olan müəllimin orta məktəbdə dərs deməsi, təhsil keyfiyyətini aşağı salır"
"Sertifikasiyada zəif göstəricisi olan müəllimin orta məktəbdə dərs deməsi, təhsil keyfiyyətini aşağı salır"

Müəllimlərin sertifikatlaşdırılması prosesində keçid balını toplamayan müəllimlər əsasən Lənkəran-Astara, Qarabağ, Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə çalışan müəllimlərdir. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi Təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli müəllimlərin sertifikatlaşdırılması prosesi ilə bağlı keçirilən brifinqdə deyib. Görünən odur ki, müəllimlərinin nəticələri zəif olan regionlarda təhsilin də səviyyəsi aşağıdır. Bu bölgələr haqqında həyacan təbili çalmağın zamanının gəldiyini göstərir.

Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, sertifikasiya imtahanında keçid balının toplaya bilməyənlərin Lənkəran, Astara, Qarabağ, Mərkəzi Aran regional təhsil idarələri tabeçiliyində olan məktəblərdə çalışan müəllimlərin olması əlbəttə ki, yaxşı hal deyil. Ümumiyyətlə, müəllimlərin sertifikasiya imtahanında göstəricilərinin aşağı olması bizi düşündürməyə vadar edir.

İlqar Orucov İlqar Orucov

Azərbaycan məktəbində çalışan müəllimlərimizin ümumi bilik səviyyəmiz bu qədərmi aşağıdır?

Ekspert vurğulayıb ki, sertifikasiya bütövlükdə məktəb mühitində rəqabət mühitini gücləndirəcək.

“Bizim həqiqətən çox savadlı, bilikli müəllimlərimiz var. Bu, şübhəsizdir. Doğrusunu deyim ki, mən sertifikasiya sualları ilə tanış deyiləm. Bu suallar harada hazırlanıb, necə hazırlanıb, bu suallarda bütövlükdə hansı məzmundan istifadə olunub, bu haqda məlumatım yoxdur. Bu mövzu mənim də qarşıma sosial şəbəkələrdə çıxıb. Və mən açığı tanış olarkən gördüm ki, heç də çətin deyil. Nəzərə alsaq ki, müəllim öz sahəsində zəngin biliklərə malik olmalıdır. Müəllimin malik olduğu biliklər təkcə orta məktəb proqramı çərçivəsində olmamalıdır. Onu bir qədər də aşmalıdır. Müəllimlər öz sahələrində daim biliklərini zənginləşdirməli və üzərində çalışmalıdırlar.

Müqayisə etsək görərik ki, ümumilikdə təhsil səviyyəsi yüksək olan ölkələrdə həqiqətən də müəllimlərə münasibətdə, məktəbin tələbləri və təhsilə cavabdeh qurumların tələbləri kifayət qədər sərtdir. Bu da o demək deyil ki, müəllimin imtahana çəkməklə onlara inamsızlığımızı ifadə edirik. Əksinə biz öz müəllimlərimizin bilik səviyyəsini ölçmək istəyirik və düşünürəm ki, bunu əslində öz savadına, biliyinə arxayın olan müəllimlər bir mənalı olaraq dəstəkləməlidirlər. Həm də bu əmək haqqına münasibətdə deferential yanaşmalar tətbiq edir. Çünki müəllimin göstəricisi nə qədər yüksək olacaqsa, təbii ki, onun aldığı əmək haqqı fərqli olacaq. Savadı, biliyi, ümumi nəticələri zəif olan müəllimlə nəticələri yüksək olan müəllim əmək haqqı verildiyi zaman "bərabər" tutulmamalıdır”-deyən İlqar Orucov hesab edir ki, bütün bunlar zamanla yerini tutacaq.

“Adı çəkilən iqtisadi rayonlara gəldikdə, müəllimlərin imtahanlarda aşağı göstəriciyə malik olması düşündürücüdür. Müəllimlərin göstəricilərinin aşağı olması həm də araşdırma mövzusudur. Səbəb nədir, nəyə görə, bu müəllimlər hansı ali təhsil müəssisəsinin məzunlarıdır? Bu da araşdırılmalıdır. Müəllimlərin sertifikasiyası müəllim hazırlayan ali təhsil müəssisələrinə münasibətdə də gələcəkdə o ciddiliyi təmin etməlidir. Biz müəllimlərimizin bilik səviyyəsini ölçərkən, onlara diplom verən müəssisələri də araşdırmalıyıq.

Mən heç cür qəbul edə bilmirəm. Necə ola bilər ki, bir müəllim mükəmməl ali təhsil alsın və  öz ixtisasında elemental suallara cavab verə bilməsin? Hansı ki, sertifikasiya sualları elemental suallardır. Adı çəkilən rayonlarda nəticə aşağıdırsa, bu da bir fəlakət həddi deməkdir. Həm də zəif göstəricisi olan müəllimin orta məktəblərdə dərs deməsi, həmin məktəbə təhsilin keyfiyyətinin aşağı düşməsi deməkdir. Həmin bölgələrdə olan uşaqların ümumi biliyinin zəif olması deməkdir. Bu, bir mənalı olaraq belədir. Amma belə bir ciddi böhran vəziyyəti var. Orada ciddi bir fəlakət var. Sertifikasiya imtahanından sonra aşağı nəticəsi olan müəllimlərin məktəblərdən uzaqlaşması həm də ona gətirib çıxaracaq ki, həmin yerlərə daha savadlı müəllimləri işə cəlb edə biləcəyik. Bu, həm də ümumi təhsilin keyfiyyət mənzərəsini daha da aydın göstərəcək və ümumi keyfiyyəti yüksəldəcək”-deyə İlqar Orucov qeyd edib.

Ekspert bildirib ki, o Lənkəran-Astara təhsil idarəsinə aid olan məktəblərdə ibtidai sinif müəllimlərinə aid göstəricilərin zəif olacağını təxmin edə bilir.

“Digər rayonlarda da eynidir. Səbəblər arasında bilirsiniz nələr durur? Vaxtı ilə kolleclərə qanunsuz tələbə qəbulları, universitetlərə qanunsuz köçürmələr, universitetlərdə mövcud olmuş rüşvətxorluq və korrupsiya halları, imtahanların pul müqabilində imtahanlarda tələbələrə qiymət yazılması və s. hadisələrin nəticələri indi meydana çıxır. Bu saydıqlarımın göstəricisi, bu gün məktəblərdə olan aşağı nəticəli müəllimlər deməkdir. Son illərdə artıq o neqativlər aradan qalxıb. Ümumilikdə, ali təhsildə şəffaf bir mühit formalaşıb, universitetlərin ümumi siması dəyişib, universitetlərdə bütövlükdə təhsilin keyfiyyətində yaxşıya doğru dəyişikliklər var. Mövcud durumumuz o böhran dövrüdür və təkcə həm müəllimlərin işə qəbulunda şəffaflıq, həm sertifikasiya bütövlükdə bu təhsil mühitinin sağlamlaşdıracaq.

Biz bir anlıq nəzər salaq ki, savadsız bir müəllimi biz sinifə buraxmaqla nə qədər şagirdimizi keyfiyyətli təhsildən məhrum etmiş oluruq. O şagirdlərin gələcəkdə baza təhsilinin zəif olması, onların uğur əldə etmələrinə maneə sayılır. Mən sonuncu sertifikasiya imtahanı zamanı gördüm ki, artıq cəmiyyətin özü belə sertifikasiyanı dəstəkləyir. Əslində sertifikasiyada müəllimlərin uğur qazanması ilə eyni zamanda təhsilin keyfiyyətini əlaqələndirə bilir. Bu, çox müsbət yanaşmadır.

Tam səmimi deyim, izləyirəm sosial şəbəkələrdə deyirlər ki, “filan nazirin vaxtında yaxşı idi”. Nəyə görə yaxşı idi? Çünki işə qəbul rahat idi. Nəyə görə bunlara yaxşı deyirlər. Çünki onlar bir qrup adamlardır. İmtahanlara, müəllimlərin işə qəbul imtahanına, sertifikasiyaya qara yaxmaq və yaxud onu gözdən salmaq cəhdləri əbəsdir. Bu gün hamı bir mənalı olaraq qəbul edir ki, bir neçə il bundan öncə baxışlar başqa cür idi. Hamı başa düşür ki, müəllim olaraq işə qəbul olmaq üçün imtahandan keçməlisən ,sən uğur əldə etməlisən, bu mütləq şəkildə belədir.

Bu gün məktəbdə sən müəllim olaraq vəzifəni icra etmək istəyirsənsə, mütləq şəkildə sertifikasiya imtahanından uğur əldə etməlisən. Sertifikatsiya davamlıdır və ardıcıldır. Bu, bir ili əhatə etməyəcək. Bir müəllim öz müəllimlik fəaliyyəti dövründə dəfələrlə bu prosesə cəlb olunacaq və ümumilikdə, bu imtahan rəqabət mühitini gücləndirəcək”-deyə İlqar Orucov bildirib.

Ekspert əlavə edib ki, nəticəsi zəif olan regionda təhsilin səviyyəsi ümumilikdə yüksək ola bilməz.

“Düşünmürəm ki, ümumi olaraq həmin regionlarda bütün məktəblərdə təhsilin səviyyəsi zəifdir. Hazırkı yanaşma ilə biz o geriliyi və qeyd olunan rayonların təhsil səviyyəsində yaxşıya doğru dəyişiklikləri bir neçə ildən sonra görə biləcəyik. Mütləq şəkildə belə olacaq”-deyə İlqar Orucov bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »