Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həyəcan təbili... Təbii qaz gəlirləri iki dəfə azalıb, hələ də alternativ iqtisadi modelə keçə bilməmişik
Həyəcan təbili... Təbii qaz gəlirləri iki dəfə azalıb, hələ də alternativ iqtisadi modelə keçə bilməmişik

Neftlə bağlı məsələ xeyli aydınlaşıb. Belə görünür ki, neft dövrü bitmək üzrədir. Gəlirlər çox azalıb. Məsələn, “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan əldə olunan gəliri keçən illə müqayisə edəndə 27 faizdən çox azalma ortaya çıxır. “Şahdəniz” yatağından heç danışmağa dəyməz. İlin ilk dörd ayı ərzində yataqdan Dövlət Neft Fonduna 203 milyon dollara yaxın vəsait daxil olub, bu isə 78 faizdən çox azalma anlamına gəlir. Rəqəmlər çox vahiməli görünür.

Bizimyol.info xəbər verir ki, təbii qaz gəlirləri də iki dəfə azalıb. Əslində, ilin ilk beş ayı ərzində keçən ilin uyğun dövrü ilə müqayisədə həcmin artımı diqqət çəkir. Amma qiymətin kəskin aşağı düşməsi işləri korlayıb. Buna görə də qaz gəlirləri təxminən iki dəfə azalıb.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, yanvar-may aylarında ölkədən 3 milyard 451,1 milyon dollar dəyərində 9 milyard 912,6 milyon kubmetr təbii qaz ixrac edilib. Sadəcə, ucuz satmalı olmuşuq. Keçən ilin ilk beş ayı ərzində min kubmetr qazı orta hesabla 614 dollara sata bilmişdik. Bu il rəqəm 348-ə düşüb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məzahir Əfəndiyev gəlirlərin kəskin azalmasını hökumətin də yaxşı anladığını, bunu kompensasiya etmək üçün yeni yollar tapmağa qadir olduğunu bildirib. Deputatın fikrincə, hökuməti qınamağa dəyməz, çünki qiymətlər çox aşağı düşüb. Məzahir Əfəndiyev xatırladıb ki, təbii qazın dünya bazarında qiymətinin indikindən 5-6 dəfə baha təklif edildiyi dövrlər olub.

Mütəxəssislər isə bu qədər arxayınlığa əsas olmadığını düşünür. Ölkəyə illərlə böyük neft və qaz pulları gəlib, amma alternativ iqtisadi modelə keçə bilməmişik. Neftdən asılılıq uzun illərdir azalmır. Bir neçə il əvvəl təbii qaz perspektivləri ilə bağlı pafoslu danışmağa başladıq. İndi mavi yanacaq da ucuz satılır. Hadisələrin gedişi aşkar göstərir ki, təbii sərvətlərə güvənərək sabit iqtisadiyyat yaranacağına güvənmək olmaz.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »