Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Gürcü arzusu" milli komandanı irəli aparır: "O əjdahadan bizdə də olsun" deyə arzumuz var
"Gürcü arzusu" milli komandanı irəli aparır: "O əjdahadan bizdə də olsun" deyə arzumuz var

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin bütün iştirakçılarının adı müəyyənləşib. Qonşu ölkələrdən Türkiyə və Gürcüstan eyni qrupda yer alsa da, hər ikisi mərhələ adlamağı bacarıb. Həm də qardaş ölkə sayılan Türkiyə gərgin qarşılaşmada Çexiyanı 2:1 hesabı ilə məğlub edib. Gürcüstan isə sensasiyaya imza atıb. Fransız mütəxəssis Villi Sanyolun rəhbərlik etdiyi kollektiv Portuqaliyanı 2:0 hesabı ilə məğlubiyyətə uğradaraq turnirdə mübarizəni davam etdirmək hüququ qazanıb.

Bizimyol.info xəbər verir ki, Gürcüstanın 1/8 final mərhələsində işi asan olmayacaq. İspaniya həddini keçmək lazımdır. Türkiyənin vəziyyəti Gürcüstanla müqayisədə daha yaxşı görünür. Amma Avstriyanın da Fransa və Niderlandın yer aldığı qrupun qalibi olduğunu unutmamalıyıq. Özü də avstriyalılar bir müddət əvvəl yoldaşlıq görüşündə türkiyəliləri 6:1 hesabı ilə darmadağın etmişdi. Yenə cütün favoriti Avstriya sayılır.

Türkiyə iyulun 2-də mərhələni adlaya bilsə, buna təəccüblənməyəcəyik. Çünki qardaş ölkənin milli komandası ilə beynəlxalq arenada çox hesablaşırlar. Necə də olmasa, mundialın bürünc mükafatçısı olub. Heyətində son mövsümdə İspaniya, İtaliya çempionu olmuş futbolçular var. Gürcülərdən isə belə qəhrəmanlıq gözlənilmirdi. Gürcü arzusu milli komandanı çox uzaqlara aparır.

Qayıdaq özümüzə. Milli komandamızın yeni baş məşqçisi Fernandu Santuşun qarşısına bizi növbəti Avropa Çempionatının iştirakçısı etmək vəzifəsi qoyulub. Yaxşı fikirdir, amma reallaşdırılması nə dərəcədə mümkündür, bunu demək çətin görünür. Çünki gürcülər indiki səviyyəyə çatmaq üçün ciddi iş aparıblar. Təkcə Tiflis “Dinamo”sunun futbol akademiyasından çıxmış yüzlərlə istedad dünyanın müxtəif yerlərinə səpələnib, legioner həyatı yaşayır. Həmin futbolçular qayıdıb milli komandaya da böyük fayda verirlər.

Bizim futbol o qədər yerində sayıb ki, gələcəklə bağlı inamlı danışmaq da olmur. Son illər hətta Lüksemburq və Moldova futbolu da dirçəlib. Bu ölkələrin milli komandalarını Avropa Çempionatının final mərhələsində görmək daha inandırıcı görünür, nəinki bizimkiləri.

Özü də çox maraqlıdır ki, Fernandu Santuşun qarşısına Dünya Çempionatının seçmə mərhələsi ilə bağlı konkret hədəf qoyulmayıb. Halbuki qarşıda bizi məhz bu mərhələnin sınağı gözləyir. Görünür, AFFA da necə bir bataqlığın içində olduğumuzu yaxşı anlayır. Buradan çıxmaq üçün isə böyük pulları havaya sovurmaq yox, ortaya konkret iş qoymaq lazımdır. Avropa Çempionatında oynamaq, mərhələ adlamaq təkcə gürcülərin arzusu deyil ki! Biz də bu arzu ilə yaşayırıq.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »