Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Küllərindən doğulmaq"... "Səhvinə görə işdən çıxarılan vəzifə sahibi başqa yerdə vəzifəyə təyin olunur"
"Küllərindən doğulmaq"... "Səhvinə görə işdən çıxarılan vəzifə sahibi başqa yerdə vəzifəyə təyin olunur"

Bir neçə gün əvvəl Samux rayon İnstitut qəsəbə tam orta məktəbinin direktoru işdən azad olunub. Qeyd edək ki, sözügedən məktəbdə keçirilən "Son zəng" tədbirində kriminal həyat tərzini təbliğ edən mahnının səsləndirilməsi barədə görüntülər yayılmışdı. Məktəbin direktoru Gülsəba Abbasova idi. O, işdən azad edildi. Onun yenidən hansısa məktəbə direktor təyin edilməyəcəyinə heç kim zəmanət verə bilməz. Çünki Azərbaycanda bütün sahələrdə bu kimi hallarla qarşılaşmışıq. Bir müəssisədə böyük səhvə yol verən şəxs işdən çıxarılır, bir müddət keçəndən sonra eyni sahə üzrə başqa bir müəssisədə vəzifəyə təyin edilir. Yəni dəyişiklik, sadəcə o şəxsin iş yeri olur...

Təhsil məsələləri üzrə ekspert İlham Əhmədov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu hadisədən o da xəbərdardır.

Təhsil eksperti İlham Əhmədov İlham Əhmədov

“Təbii ki, çox pis hadisədir və ilk dəfə deyil ki, belə hadisə baş verir. Yadınıza gəlirsə, 3 il əvvəl Dövlət Neft və Sənaye Akademiyasında da belə hadisə oldu. Buraxılış günü tələbələr belə xarakterli bir mahnıya qulaq asmışdılar. Bu təhsil müəssisələrində təlim-tərbiyə ideologiya işinin zəif olmasını göstərir. Bu gün televiziya kanallarında gedən verilişlərin çoxunda, filmlərdə və seriallarda kriminal elementlərin təbliğini göstərir. Eyni zamanda ziyalının, alimin, müəllimin çox çətin bir iqtisadi durumda yaşaması, sosial nüfuzun az olmasına baxmayaraq avtoritetlərin yüksək iqtisadi durumu və "hörmət" görməsi onların "xüsusi" nüfuza sahib olduğunun göstəricisidir. “YouTube” da videolar var. Onların xeyir işində "yüksək" səviyyəli, statuslu insanlar iştirak edirlər. Və yaxud da onların dəfnində ön cərgədə görünürlər. Bundan sonra cəmiyyətdə üstü örtülü şəkildə belə təbliğat gedir. Bu da gənclərin həyat seçimini səhv istiqamətə yönəldir”-deyə ekspert bildirib.

İlham Əhmədov qeyd edib ki, məktəb direktoru belə tədbirlərə hazırlaşmalıdır və tədbirin ssenarisi öncədən müəyyən olunmalıdır: "Hansı musiqilərin hansı ardıcıllıqla veriləcəyinə qədər öncədən müzakirə aparılmalıdır. Heç olmasa, belə tədbirlərdə bu kimi bayağı musiqilərin səsləndirilməsinə imkan verilməməlidir".

Ekspertin fikrincə, bu hadisə çox vaxt başlı-başına buraxılır.

“Məktəblərdə “Məktəblinin dostu” adlanan qrup var. Onlar hara baxırlar? Heç olmasa, onlar bu işləri tənzimləsin”-deyə İlham Əhmədov bildirib.

Bu hadisəyə görə məktəb direktorunun işdən çıxarılması və gələcəkdə onun təhsil sahəsində vəzifədə tuta bilməsi ehtimalı ilə bağlı ekspert hesab edir ki, bu hallar əvvəlki illərdə yaşanıb və yeni deyil.

“Rüşvətə görə həbs olunan və uzun müddət həbsxanada qalan rayon təhsil şöbəsinin müdiri həbsxanadan çıxandan sonra daha böyük bir şəhərin təhsil şöbəsinin müdiri işləyib. Azərbaycanın təhsil tarixində belə hadisələr çox olub. Çünki kadrların seçilməsi başqa meyarlarla nəzərə alınır. Ona görə də belə hadisələrin təkrarlanması və yaxud da belə şəxslərin təkrar təhsil sahəsində yüksək vəzifədə olması gözlənilən hadisədir”-deyə İlham Əhmədov bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »