Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyanın anormal dövranı: dəyişən iqlim, qlobal istiləşmə və... soyuq ürəklər
Dünyanın anormal dövranı: dəyişən iqlim, qlobal istiləşmə və... soyuq ürəklər

“Dünyanın suyu çirklənir,

Suyunda balıq boğulur.

Çirklənir, göyü çirklənir,

Göyündə Allah boğulur” - Ramiz Rövşən

...Məşhur Norveç yazıçısı Knut Hamsun 40 yaşında səfər etdiyi Bakını his-pas içində görmüş və 1903-cü ildə qələmə aldığı “Nağıllar diyarında. Qafqaz təəssüratları və düşüncələri” adlı yol qeydlərində Xəzərin sahilindəki küləklər şəhərini təsvir etmişdi. Əsərin adı şirin-məhrəm assosiasiyalar yaratsa da, yazıçı ağır reallıqlarla üzləşmiş, müşahidələrini realistcəsinə də yazmışdı.

Yox, bu, o demək deyil ki, yalnız Çar Rusiyası dövründə Bakı, Hamsunun dediyi kimi, “yer üzündəki ən qeyri-sağlam” şəhər olub. Bakı, bütövlükdə Azərbaycanın özü SSRİ dövründə də bir çox problemlərlə qarşı-qarşıya qalmışdı.

Sovet dövləti dağıldıqdan sonra bütün sferalarda çöküş hiss olunurdu. Bu, təbiətin qorunması və ekoloji tarazlığın saxlanılması sahəsində də özünü göstərmişdi. Azərbaycan neft ölkəsi olduğundan, yunanların “petroleum” (“daş yağı”) adlandırdığı, Sovet təbliğatının “qara qızıl” deyə vəsf etdiyi bu yanacaq növü təkcə var-dövlət deyil, həm də fəsadlar gətirirdi. “Neft” sözü də qədim Babilistanda işlədilən “naput” sözündəndir, mənası “yanacaq” deməkdir. Məşhur tarixçi alim, publisist, genealoq Vadim Erlixmanın tədqiqatlarında maraqlı faktlarla rastlaşdıq. Sən demə, qədim Babildə belə bir deyim varmış: “Torpaqdan neft çıxırsa, şəhər məhv olacaq”.

Doğrudan da, bir dönəm neft hasilatı Bakını bir yandan böyütsə də, o biri yandan ekologiyasını məhv edirdi. Yəqin ki, Bakıətrafı qəsəbələrdə neft gölməçələrini, neftlə çirklənmiş torpaqları, dənizə axıdılan neft tullantılarını xatırlayırsınız. Abşeron az qala özü boyda neft məzarlığını xatırladırdı; yarımadanın gölləri də mazut qoxuyurdu. Bu vəziyyət müstəqilliyin ilk illərində də davam edirdi. Xəzər hövzəsindəki karbohidrogen ehtiyatlarının hasilatı, daşınması və emalı zamanı ətraf mühitə dəyən zərər torpaqların eroziyasına və səhralaşmaya, eləcə də, havanın və suyun çirklənməsinə səbəb olurdu. Ancaq 90-cı illərin ortalarında o zamankı prezident - Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev gələcəyə hesablanmış neft strategiyasını həyata keçirməyə başladı. Bu strategiya çərçivəsində ilk mühim addım 1994-cü ilin sentyabr ayının 20-də “Əsrin kontraktı” adlanan neft kontraktlarının imzalanması oldu. Bu tarixi qərar çox təhlil olunub. Sadəcə, bir faktı xatırlatmaq yerinə düşər; ümummilli lider Heydər Əliyev o zaman bu kontraktda ekoloji tarazlığın qorunub saxlanması ilə bağlı müddəaların yazılmasına və geniş ekoloji proqramların maliyyələşməsi mexanizminin yaradılmasına nail oldu.

Bundan üç il sonra - 1997-ci ildə Kyoto protokolu gündəmə gəldi və bütün ekolayihələr bu protokola uyğunlaşdırıldı. Azərbaycan təkcə lokal deyil, qlobal müstəvidə də ekoloji layihələrin öncülü oldu. Ölkədə bu sferaya diqqət daha da artdı.

Xatirinizdədirsə, dövlət başçısı İlham Əliyev 2010-cu ili “Ekologiya ili” elan etmişdi. Yəni Azərbaycan artıq ekoloji problemlərə yeni bir səviyyədə və yeni bir mərhələdən yanaşırdı.

Böyük yaşıllıq zolaqları salındı, ağacəkmə aksiyaları keçirildi, neftlə çirklənmiş ərazilər təmizlənməyə başlandı. Yəni ekoloji sahədə gözə görünən mühim işlər görüldü. Məhz bu dövrdə alternativ enerji mənbələri mövzusu gündəmə gəldi. Azərbaycan Planetdə baş verən iqlim dəyişikliklərini diqqətlə izləyib, təhlil edərək “alternativ enerji” və “yaşıl enerji” layihələrinə xüsusi önəm verməyə başladı. Çünki qlobal istiləşmə tendensiyası Planetin bir parçası olan Azərbaycana da təsirsiz ötüşmür. Ona görə də Azərbaycan da qlobal istiləşmə ilə mübarizəyə aktiv qoşulub.

Bu mübarizə ötən əsrdən başlayıb. Birinci Beynəlxalq İqlim Tədqiqatları Proqramı (WCRP) 1980-ci ildə Cenevrədəki Ümumdünya Meteorologiya Təşkilatı (WMO) və Parisdəki Beynəlxalq Elmi Birliklər Şurası (ICSU) tərəfindən yaradılıb. Bu proqram, əslində, iqlim elminə, xüsusən də, atmosfer və okean hadisələrinin ədədi simulyasiyası ilə bağlı kritik təkan verdi. İqlim dəyişikliyinin səbəblərini, çətinliklərini və nəticələrini anlamaq üçün elmi bilikləri sərhədlərdən kənarda paylaşmaq daha önəmlidir. Bu səbəbdən də, Birləşmiş Millətlər Təşkilatı iqlim dəyişikliyi ilə bağlı elmi biliklərin cari vəziyyəti haqqında aydın və müasir mənzərəni təmin edən hesabatlar hazırlamağa və dərc etməyə başladı.

1992-ci ilin iyun ayında Braziliyanın Rio-de-Janeyro şəhərində ikinci "Yer Sammiti" başladı. Konfransdan sonra 166 ölkə qlobal istiləşmədə bəşəriyyətin rolunu qəbul edən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasını (UNFCCC) imzaladı.

Hər il Tərəflərin Konfransı (COP) Konvensiyanı ratifikasiya etmiş bütün ölkələri bir araya gətirir. 2021-ci ilə qədər onların sayı 197 idi. Bu sammit həm də Konvensiyaya dair anlayışı rəsmiləşdirən üç sütuna iqtisadi, sosial və ekoloji sütuna əsaslanır.

İqlim dəyişiklikləri ilə bağlı növbəti protokol Kioto Protkolu isə, 1997-ci ilin dekabrında Yaponiyanın Kioto şəhərində keçirilən Tərəflərin üçüncü Konfransında qəbul edildi. Maraqlısı budur ki, protokol 2005-ci ilin fevralına qədər qüvvəyə minmədi. Konvensiya istixana qazı emissiyalarını 5,2 faiz azaltmağı hədəfləmişdi. Buna uyğun olaraq, ən inkişaf etmiş ölkələr tərəfindən emissiyaların qarşısını almaq üçün müxtəlif təşəbbüslər irəli sürüldü. 2005-ci ilin yanvarında Avropa İttifaqının Emissiya Ticarət Sistemi işə salındı; Avropa İttifaqı ölkələri “karbon mübadiləsi” yaratmaq təşəbbüsü ilə çıxış etdilər. Bu sxemə əsasən, yüksək karbon emissiyalarına cavabdeh olan şirkətlərə müəyyən sayda “emissiya müavinətləri” verilməyə başlanıldı. 2009-cu ildə Kopenhagen İqlim Dəyişikliyi Konfransında UNFCCC üzvləri yeni saziş imzaladılar. Bununla belə, iştirakçılar qlobal istiləşməni bu həddən aşağı saxlamaq üçün istixana qazları emissiyalarının azaldılması hədəfləri ilə bağlı məcburi razılığa gələ bilmədilər. 2010-cu ildə Meksikanın Kankun şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi Konfransında tərəflər inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyi və meşələrin qırılması ilə mübarizədə kömək etmək üçün 2020-ci ildən başlayaraq ildə 100 milyard dollara sahib olan Yaşıl İqlim Fondunun yaradılması barədə razılığa gəldi. 2015-ci ildə Parisdə keçirilən COP-21 sammiti tarixdə ilk dəfə olaraq dünyanın hər bir ölkəsinin razılaşdığı kompromislə başa çatdı. Nəticədə beynəlxalq birliyin qarşısına qlobal istiləşməni bu əsrdə 2°C-dən çox azaltmaq məqsədi qoyuldu. Nəzərdə tutulduğu kimi, 2030-cu ilə qədər emissiyalar 45% azaldılmalı və 2050-ci ilə qədər “xalis sıfıra” çatdırılmalıdır.

Daha əvvəl də dediyimiz kimi, dünyada baş verən ekoloji terror Azərbaycandan da yan keçməyib. Quraqlıq, fəsillərin yerdəyişməsi və sair iqlim dəyişikliklərinin fəsadlarıdır. Azərbaycanda bu, özünü daha çox şirin su çatışmazlığı ilə göstərə bilər.

Azərbaycanın içməli su ehtiyatının 70 faizi ölkənin sərhədlərindən kənarda formalaşır və bu, ciddi problemdir. Azərbaycanın ən böyük su arteriyası olan Kür çayında (ölkəmizdın keçən hissəsi 900 kilometrdir) çirkləndirilmə dərəcəsi sanitar normadan 2-9 dəfə çoxdur. Ümumilikdə, Azərbaycanda 8 mindən çox irili-xırdalı çay var. Amma əsas su resursu yerüstü hövzələrdədir. Bu ehtiyatlar yetərli olmamaqla yanaşı, həm də bərabər paylanmır. Üstəlik, iqlim dəyişməsi nəticəsində su resursları daha da azalır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, temperatur yüksəldikcə, atmosfer yağıntıları azalır. Nəticədə su ehtiyatlarımız azalır. Bu da bütün sferalara təsir edir. Ağacların quruması və meşə yanğınları riski çoxalır. Çaylarda su azaldıqca, su ehtiyatları da azalır. Bu da ərzaq qıtlığına gətirib çıxarır: “Kiçik fermerlərin istehsal etdiyi ərzaq Azərbaycan əhalisinin ərzaq istehlakında çox böyük (80-90 faiz) rol oynayır. Bu, kiçik fermerlər su qıtlığı yaşayacaqsa, ərzaq çatışmazlığı və qiymətlərin artması qaçılmaz olacaq”.

Rövşən Abbasov Rövşən Abbasov

Rövşən Abbasov deyir ki, bu durum yoxsullaşmaya və kənd yerlərindən kütləvi miqrasiyaya səbəb olan əsas faktordur.

Ekoloq bildirir ki, iqlim dəyişiklikləri ilə sistemli mübarizə müsbət nəticə verə bilər. O halda “ola bilsin, 20-30 ildən sonra bu təsirlər azalacaq və biz 100-150 il bundan öncə olan iqlim şəraitinə qayıda bilərik”.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) dosenti Fərzəli Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında su çatışmazlığını iqlim dəyişikliklərinin ilkin ağır nəticəsi hesab edir: “2000-ci ildən başlayaraq, dünyada böyük bir tendensiya yarandı. Bütün dünya iqlim dəyişikliyinin baş verməsindən danışmağa başladı. Bu gün iqlim dəyişikliyi dünyanın bir nömrəli problemidir. Məhz bu səbəbdən, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə sazişinin Tərəflər Konfransı - COP çağırılır”.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) dosenti Fərzəli Həsənov / Foto: İradə Cəlil, Bizimyol.info Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) dosenti Fərzəli Həsənov / Foto: İradə Cəlil, Bizimyol.info

Ekspert hesab edir ki, iqlim dəyişiklikləri zəlzələlərin artmasına, yağıntılara, quraqlığa, həddən artıq istiyə və həddən artıq soyuğa səbəb olur: “Son 10 ildə temperaturun artması intensivləşib. Bu, 3,5°C olaraq qəbul edilir. Deməli, əsrin sonuna doğru insanların həyatda yaşamasına təbiət hadisələri daha çox təsir edəcək”.

Milli Məclisin deputatı Afət Həsənova Bizimyol.info xəbər portalına açıqlamasında qeyd edib ki, Azərbaycanın qarşısında 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz azaldılması əsas hədəflərdən biri kimi qoyulub. 2050-ci ilə qədər Azərbaycan bu göstəricini 40 faizə çatdırmağı planlaşdırıb. Deputat deyib ki, bu ilin noyabr ayında Azərbaycanda keçiriləcək COP-29 qlobal iqlim risklərinin qarşısının alınması üçün çox əhəmiyyətli bir platformadır: “COP-29 iqlim dəyişiklikləri ilə mübarizədə vahid strategiyanın yaradılmasına tövhə verə bilər”.

Afət Həsənova / Foto: trend agency Afət Həsənova / Foto: trend agency

Deputat Vüqar İskəndərov Bizimyol.info xəbər portalına mövzu üzrə bildirib ki, COP-29-da müzakirə ediləcək mövzulardan biri neftlə çirklənmiş dənizlərdə olan problemlərdir. Deputatın fikrincə, Azərbaycanın Xəzər dənizindəki sektorunda da belə məsələlər aktualdır. Azərbaycan höküməti bu sahə ilə bağlı xüsusi proqramla işləyir. Vüqar İskəndərov hesab edir ki, su çatışmazlığı yaxın 50 ildə aktual problemə çevriləcək. Bu səbəbdən “COP-29 vasitəsilə həyəcan təbilinin çalınmasına da ehtiyac olacaq”.

Vüqar İskəndərov Vüqar İskəndərov

Geologiya-mineralogiya elmləri doktoru, professor Çapay Sultanov hələ 2008-ci ildə yazıb nəşr etdirdiyi “21-ci əsrdə neft-qaz strategiyaları və siyasət” adlı kitabında çox tezliklə neft uğrunda mübarizənin içməli su üstündə toqquşmalarla əvəz olunacağını yazırdı. Məşhur alimin fikrincə, “su konfliktləri” daha amansız olacaq və çox ağır nəticələr verəcək. İqlim dəyişikliyinin yaratdığı su qıtlığı əvvəlcə lokal, sonra regional, hətta qlobal müharibələrə yol aça bilər. Bu cür qorxunc perspektivləri önləmək üçün dünyanın ən mühüm problemləri Azərbaycanın ev sahibliyi edəcəyi COP-29 konfransında geniş müzakirə olunacaq və bəşəriyyətin xilası üçün tarixi qərarların veriləcəyi gözlənilir. Bakı - qitələri bir araya gətirən platforma olaraq tarixə adını bir daha yazdıracaq.

İradə Cəlil, Bizimyol.info

“Azərbaycan Dəmir Yolları” QSC və Azərbaycan Mətbuat Şurasının kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi iqlim təşəbbüsləri müsabiqəsinə təqdim olunur”

İstiqamət: COP 29 və öncəsi: dayanıqlı inkişaf modelini seçən Azərbaycanda iqlim təşəbbüsləri;

Son xəbərlər
Bütün xəbərlər »