Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İşsizlik, pul qıtlığı, pensiya yaşı... Ölkənin "dumanlı" statistik "mənzərə"si gələcək üçün ümid vermir
İşsizlik, pul qıtlığı, pensiya yaşı... Ölkənin "dumanlı" statistik "mənzərə"si gələcək üçün ümid vermir

Həftə ərzində bir neçə dəfə ölkə ilə bağlı müxtəlif statistik göstəricilər açıqlanır. Adətən, nəyin sayı artıbsa, bunun əhaliyə isti-soyuğu olmur. Yəni insanların sosial vəziyyətini yaxşılaşdıracaq artımlardan söhbət getmir. Əksinə, ayrı-ayrı statistik göstəricilər ölkədəki dumanlı mənzərədən xəbər verir. İşsizlik artır, pul qıtlığı hər addımda hiss olunur.

Bizimyol.info xəbər verir ki, Azərbaycanda beynəlxalq poçt göndərişlərinin həcmi 22 faiz azalıb. Dəyər ifadəsi ilə daha böyük fərq diqqət çəkir. 2023-cü ilin eyni dövrü ilə müqayisədə 9 milyon 616 min dollar daha az göndəriş qeydə alınıb. Bu da 26 faiz edir.

Aşkar görünür ki, sosial vəziyyətin pisləşməsi beynəlxalq poçt göndərişlərində də özünü göstərib. Azərbaycandan xaricə bağlama göndərilməsində azalma 38 faizə çatır. Durumun necə mürəkkəbləşməsini təkcə bu statistika aydın ortaya qoyur.

İlin ilk beş ayı ərzində ölkə əhalisinin kafe-restoran şəbəkələrində 802 milyon manat xərclədiyini yazmışdıq. Olduqca aşağı göstəricidir. Əhali sayı 10,2 milyona çatıb. Belə çıxır ki, kafe-restoran şəbəkələrində adambaşına 16 manat xərcləyirik. Hələ turistlərin buradakı payı çıxılmayıb. Böyük ehtimalla kafe-restoran şəbəkələrində daha az xərci özümüzə rəva görürük. Pul qıtlığını göstərən daha bir amildən danışırıq.

Rəsmi qurumlar işsizliyin gerçək mənzərəsini mümkün qədər gizlətməyə çalışır. Deyilir ki, ölkədə işsizlərin payı 5,5 faizi keçmir. Halbuki ayrı-ayrı kriteriyalar göstəricinin 40 faizə çatmasına eyham vurur. Açıqlanan statistik hesabatlar da arqumentlərimizi artırır. Məsələn, son bir ildə dəmiryolu sektorunda işçilərin 14 faizə qədəri işini itirib. Onsuz da bu sektorda özünə iş tapa bilənlərin sayı olduqca azdır. İndi dəmiryolu işçilərinin ümumi sayı heç 4 min nəfərə çatmır.

Yazının əvvəlində buna işarə vurmuşduq, atılan addımların az qala hamısı əhalinin sosial vəziyyətini ağırlaşdırmağa xidmət edir. Sərhədlərin bağlı qalması onsuz da yuxarı təbəqəni narahat etmir. Hara istəsələr, lap 800-1000 manata bilet alıb təyyarə ilə uça bilirlər. Amma sərhədyanı rayonlarda, kəndlərdə yaşayanlar həm də xırda ticarətə ümid edirdi. Bu imkan da əllərindən alınıb. Üstəlik, bilet qiymətləri əhalinin böyük hissəsi üçün əlçatmazdır.

Pensiya yaşı hər il artırılır. Beləcə, insanların pensiyaya çatmaq imkanı məhdudlaşır. Ölkədə kişilərin 48 faizi 65 yaşına çatmadan həyatla vidalaşır. Sonra da gileylənirik ki, insanlar aqressivdir. Necə aqressiv olmasınlar?! İndiki durum dumanlı, gələcək də qaranlıq görünür.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »