Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Heyvan şok keçirir və stresə düşür, xəstələnir" - Qoyunların yunu nə vaxt, necə və hansı şəraitdə qırxılmalıdır?
"Heyvan şok keçirir və stresə düşür, xəstələnir" - Qoyunların yunu nə vaxt, necə və hansı şəraitdə qırxılmalıdır?

Azərbaycanda qoyunçuluq təsərrüfatı ilə məşğul olan çoxlu sayda fermer var. Qoyunların dərisi və yunu böyük əhəmiyyətə sahibdir. Baxmayaraq ki, indi adi qoyun dərisin qiyməti çox ucuzdur, lakin işlənib hazırlanmış dərilər və yunlar birbaşa satışda çox yaxşı qiymətə satıla bilir.

Qoyun yunu, onun qırxılma qaydası, gigiyenik şəraiti, heyvanın südünə təsiri, qırxılma vaxtları və yunun qiyməti barədə kənd təsərrüfatı üzrə mütəxəssis Akif Nəzirli ilə söhbətləşdik.

Oxucularımız və izləyicilərimiz arasında çoxlu sayda fermerlərin, təsərrüfat işçilərinin də olmasını nəzərə alaraq, onların da faydalanmaları üçün belə bir müsahibə hazırlamaq qərarına gəldik. Bizimyol.info mütəxəssislə müsahibəni oxucularına təqdim edir.

- Salam, Akif müəllim. Ölkəmizdə qoyunların yun qırxımı üçün hansı aylar daha effektiv hesab olunur?

Salam. Ümumiyyətlə, ölkəmizdə qoyunlar aprel ayının üçüncü onluğunda qırxılır. Buna "yaz yunu" da deyilir. Bir də iyul ayının ikinci və üçüncü onluğunda heyvanlar qırxılır. Hansı rayonlarda qoyunçuluq varsa, qırxım da o rayonlarda olur. Əvvəllər "yaz qırxımı" aranda, qışlaq yataqlarında, "yay qırxımı" yaylaqlarda gedirdi. Azərbaycanın iqliminə uyğun olaraq, bu hadisə iki dəfə baş verir - qoyunlar aprel və iyun aylarında qırxılır.

- Qırxım zamanı hansı alətlərdən istifadə olunur?

Qırxım zamanı sadə, mexaniki qayçılardan istifadə oluna bilər, həmçinin elektrikli qayçılardan da istifadə etmək olar. Sovet dövründə elektrikli qayçılar həm insan, həm də heyvanların həyatı baxımından təhlükəli idi, cərəyana qapılma tez-tez baş verirdi. Bu hadisələrin tez-tez şahidi olurduq. Amma hazırda heyvanları qırxmaq üçün batareya ilə işləyən qayçılar var. Həmin qayçılarla heyvanları asanlıqla qırxmaq mümkündür. Rayonlar məsələsində az öncə dediyim kimi, xüsusi məhdudiyyət yoxdur. Hansı rayonda qoyun saxlanılırsa, həmin heyvan elə orada da qırxılmalıdır. Xərci o qədər də böyük deyil. Yunun maya dəyəri onun xərci ilə hesablanmır. Yəni xərc bir qayçı, bir də heyvanın ayaqlarını bağlamağa üçün kəndirə çəkilir. Kəndirlə ayaqlarını bağlayıb, təmiz yerdə qırxırlar ki, qoyunun yunu çör-çöpə, tullantıya bulaşmasın.

- Bəs yun satışının xərci nə qədərdir? Yun satışı fərdlər üçün sərfəli hesab olunurmu?

Əlbəttə, yun satışı onun alıcısından asılıdır. Əgər normal alıcı tapmaq olursa, yunun qiyməti o qədər də ucuz olmur. Hal-hazırda mövsüm vaxtı bir qədər ucuzlaşa bilir. Azərbaycanda bu sahənin inkişafı çox zəifdir. Çünki sintetik və pambıq məhsullarından fərqli olaraq, yun daha geniş sahələrdə istifadə edilə bilər. Məsələn, xalçaların toxunmasında, qış geyimlərində - palto və parçaların toxunulmasında və sair. Yun təbii xammaldır və ondan əldə edilən bütün məhsullar keyfiyyətlidir. Yəni orqanizm üçün yararlıdır. Ona görə də mən hesab edirəm ki, ölkədə bu yun tədarükü məsələsi təşkil edilməlidir. İndi bunu özəl sektor da edə bilər. Ancaq yəqin ki, ilkin mərhələlərdə hökumətin dəstəyinə də ehtiyac var. Amma bu məsələ yoluna düşdükdən sonra - Azərbaycan yunu dünya bazarına ayaq açandan sonra artıq onların dəstəyə ehtiyacı qalmayacaq. Çünki yun dünya bazarında kifayət qədər bahalı məhsuldur.

- Yun qırxımı zamanı harada və hansı gigiyena-sanitariya şəraiti qurulmalıdır?

Yun qırxılan zaman gigiyenik şərait baxımından təmiz sahə olmalıdır. Yaxşı olar ki, heyvanlar taxta döşəmələr üzərində qırxılsın. Bu iş elə təşkil olunmalıdır ki, heyvan qısa müddətdə qırxılıb buraxılsın. Bununla belə elə heyvanlar olur ki, qırxılan zaman müəyyən şoklar keçirir və stresə düşüb, xəstələnir. Ona görə də mütləq qırxım zamanı bütün preparatlarla birlikdə bir baytar həkim həmin prosesi izləməli, orda hazır dayanmalıdır ki, heyvanlarda bu cür hallar aşkarlandığında dərhal müdaxilə edib, onu preparatlar vasitəsilə vəziyyətdən çıxarsın.

- Yunu qırxılan qoyunun südvermə qabilliyyətinin artması barədə tez-tez eşidirik. Bu, doğrudurmu?

Yunun qırxılması südün artmasına, əlbəttə ki, təsir edə bilər. Ümumiyyətlə, qırxılan heyvan daha tez inkişaf edir, kökəlir və südü də çoxalır. Yəni heyvanın dərisi qırxımdan sonra nəfəs alma prosesində olduğuna görə bədən temperaturu da tənzimlənir. Ona görə də yunu qırxılan heyvan sürətlə inkişaf etməyə başlayır, kökəlir. Bu müsbət təsirlər onun südündən də yan keçmir, südün artmasına təsir göstərir.

- Təşəkkürlər, Akif müəllim!

Buyurun!

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »