Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Makron: Müxalifət partiyalarının proqramları “vətəndaş müharibəsinə” səbəb ola bilər
Makron: Müxalifət partiyalarının proqramları “vətəndaş müharibəsinə” səbəb ola bilər

Fransa prezidenti Emmanuel Makron birinci turu iyunun 30-da keçiriləcək növbədənkənar seçkilərdən əvvəl ifrat sağçı və ifrat solçu partiyaların proqramlarının ölkəni “vətəndaş müharibəsi”nə sürükləyə biləcəyini bildirib.

Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, Makron "Génération Do It Yourself" canlı yayımında rəqib partiyaların seçki vədlərini dəyərləndirib.

Makron bildirib ki, ifrat sağçı lider Marine Le Penin partiyası Milli Birlik (RN) və ifrat solçu “İtaətsiz Fransa” (LFI) partiyasının siyasi proqramları ölkəni vətəndaş müharibəsinə apara bilər.

Təhlükəsizliyə qarşı ifrat sağın təklif etdiyi həll yolunun cəmiyyəti parçaladığını və ölkəni vətəndaş müharibəsinə sürüklədiyini bildirən Makron, LFI-nin Fransa üçün bir növ “kommunitarizm” təklif etdiyini bildirib. Makron belə bir vəziyyətdən sonra ölkədə vətəndaş müharibəsinin başlaya biləcəyini iddia edib.

Fransa prezidenti: "Hər şeydən yorulduğumuzda, həyat hər gün çətinləşəndə, daha sürətli həll yolları təklif edən ekstremistlərə tabe ola bilərik. Bununla belə, həll yolu heç vaxt digərini rədd etmək olmayacaq", - deyib.

Makron rəqibləri olan RN və LFI-nın vətəndaşların real problemlərinə, qəzəbinə və narahatlıqlarına cavab verdiyini etiraf edərkən, bu partiyaların ölkədəki “münaqişəni” artırmaqla təklif etdiyi həll yolunu səhv tapdığını bəyan edib.

Digər tərəfdən Makron İordaniya kralı Abdullanı Parisdəki Yelisey sarayında qəbul edib. Administrasiyadan verilən açıqlamaya görə, iki lider bölgədəki keçid məntəqələrində humanitar yardımların Qəzza xalqına çatmasına mane olan bütün məhdudiyyətlərin aradan qaldırılmasını istəyib. Onlar daha da gec olmadan bölgədə qalıcı atəşkəsin yaradılmasının vacibliyini bildirib və bütün əsirlərin azad edilməsi ilə bağlı gözləntilərini dilə gətiriblər.

ABŞ-ın bölgə ilə bağlı sülh planını qüvvəyə minməsi lazım olduğunu bildirən hər iki lider, işğal altındakı İordan çayının qərb sahilindəki vəziyyətdən narahat olduqlarını bildiriblər. Makron və Kral Abdullah İordan çayının qərb sahilində Fələstin torpaqlarını qəsb edən israillilərin zorakılığını pislədiklərini bildiriblər. Liderlər regionda iki dövlətli həll üçün birgə işləmək barədə razılığa gəliblər.

Avropa Parlamenti (AP) seçkilərinin Fransa mərhələsində RN 31,37 faiz səslə böyük fərqlə birinci, prezident Makronun partiyası "Rönesans" isə 14,60 faiz səslə ikinci olub. AP seçkilərinin nəticələrinin açıqlanmasından sonra Makron iyunun 9-da parlamenti buraxıb və 30 iyun-7 iyul tarixlərində növbədənkənar seçkilərin keçirilməsi qərarını açıqlayıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »