Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Tarixdə Ağdaban kimi faciə yaşasaq da, Kəlbəcərə qayıdışımız qələbə borcumuzu ödədiyimizi göstərir"
"Tarixdə Ağdaban kimi faciə yaşasaq da, Kəlbəcərə qayıdışımız qələbə borcumuzu ödədiyimizi göstərir"

32 il əvvəl 1992-ci il aprel ayının 7-dən 8-nə keçən Ağdaban faciəsi baş verdi. Ermənilər Kəlbəcərin Ağdaban kəndinin əhalisinə, sözün əsl mənasında divan tutdu. Kənddə evlər yandırıldı, 779 nəfərə işgəncə verildi, 67 nəfər qətlə yetirildi. 8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq və 7 qadın diri-diri odda yandırıldı. Hadisə zamanı 2 nəfər itkin düşdü və 12 nəfərə ağır bədən xəsarəti yetirildi. Eyni zamanda Azərbaycana məxsus tarixi memarlıq və mədəniyyət abidələri ermənilər tərəfindən dağıdıldı. Azərbaycanın klassik aşıq şeirinin ustadı Aşıq Qurbani və onun oğlu Aşıq Şəmşirin evi, zəngin arxivi və əlyazmaları yandırıldı.

Milli Məclisin deputatı Fazil Mustafa Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu faciələr artıq tariximizdə qələbə ilə qisası alınmış faciələrdir. Bunlar hamısı tariximizin ən üzüntülü səhifələri olsa da, bu qələbəmiz, Qarabağın işğaldan azad olunması bizim bunu bir tarix olaraq, artıq borcumuzu yerinə yetirmiş bir vəziyyətdə hiss etməyimizə gətirib çıxardı. Bu səbəbdən də, istər Xocalı, istər Ağdam, istər digər faciələrimiz bizim üçün bir həm də ibrət dərsidir.

Fazil Mustafa Fazil Mustafa

“Biz çalışmalıyıq ki, bundan sonra elə məzlum duruma düşməyək ki, düşmən bizə bu cür iztirabları yaşatsın. Bundan sonra qələbəyə layiq bir millətə çevrilməyimizin alternativi yoxdur”-deyə Fazil Mustafa bildirib.

Tarixçi Rizvan Hüseynov Bizimyol.info xəbər portalına Ağdaban faciəsindən danışıb. Tarixçi bildirib ki, Ağdaban faciəsi, ən ağrılı, xalqımıza qarşı törədilən erməni vəhşiliyi və insanlığa qarşı cinayətlərdən biridir.

Rizvan Hüseynov Rizvan Hüseynov, tarixçi

“Ağdaban kəndi Kəlbəcərin ən böyük və tanınmış kəndlərindən biridir və strateji yerdə yerləşirdi. Ağdaban strateji baxımdan Kəlbəcər şəhəri qədər əhəmiyyətli idi. Bu böyük kəndə qarşı bu soyqırım hadisəsinin əsas məqsədi Azərbaycanlıları qorxudaraq, ümumi strateji Kəlbəcər rayonundan didərgin etmək və Kəlbəcər rayonun tam işğalına yol açmaq idi”-deyən tarixçi bildirib ki, buna bənzər cinayətlər Birinci Qarabağ müharibəsi dövründə ermənilər tərəfindən dəfələrlə törədilib.

Rizvan Hüseynov bildirib ki, bu hadisələr Xocalıda, Ağdabanda, Qaradağlı kəndində və s. digər ərazilərdə törədilib.

“Bütün bu cinayətlərin arxasında bir neçə məqsəd var. Azərbaycan xalqının gözünü qorxutmaq və elə bir zəmin yaratmaq ki, azərbaycanlılar özləri tərk etsin, əraziləri boşaltsın və erməni işğalı rahat olsun. Erməni millətçiləri məqsədlərinə çata bilmədi. Azərbaycan xalqı onları qovdu və bütün Qarabağı azad etdi”-deyən tarixçi vurğulayıb ki, Azərbaycan bu hadisələri unutmur. Bu hadisələr tariximizdə, yaddaşımızda yadda qalmalıdır ki, bir də təkrarlanmasın.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »