"İsrailin sistematik müharibə qızışdırması və dezinformasiya kampaniyalarına baxmayaraq, sülh üçün əlimizdən gələni etməyə qərarlıyıq. Türkiyə Fələstini heç vaxt tərk etməyəcək"
Bizimyol.inxo xəbər verir ki, bunu ölkə mətbuatına Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun deyib.
Fahrettin Altun İsrail Baş naziri Binyamin Netanyahu və İsrail Xarici İşlər Naziri Eli Kohenin mülki şəxslərə qarşı törətdikləri müharibə cinayətlərindən diqqəti yayındırmaq səylərinə təəccüblənmədiklərini bildirib: “İsrail hökuməti fələstinlilərə hücumları ilə bağlı dezinformasiya yaydığı kimi, onun yüksək səviyyəli liderləri də Türkiyə haqqında yalanlar yaymaqla məşğuldur. Prezident cənab Rəcəb Tayyib Ərdoğan həqiqəti söyləməkdən heç vaxt çəkinməyib və bundan sonra da çəkinməyəcək”, - deyə qeyd edib.
İsrail hökumətinin bir aydan çoxdur Qəzzada etdiklərini bütün dünyanın gördüyünü bildirən Fəxrəddin Altun: "Heç bir dezinformasiya faktları gizlədilə bilməz. Karyerasını onilliklər boyu istənilən sülh şansını məhv etmək üzərində qurmuş bir siyasətçi kimi, Netanyahunun fələstinli mülki vətəndaşları hədəf alan mənasız müharibəsi ilə bağlı həqiqəti eşitməyi gözə ala bilməyəcəyi aydındır. Netanyahu və onun kimi ekstremist ünsürlər işğal, etnik təmizləmə və müharibə cinayətlərinin icraçılarıdır. Onlar regionda sülhün bərqərar olmasında maraqlı deyillər və əllərinə düşən hər fürsətdə müharibəyə təkan verməyə davam edəcəklər. İsrail siyasətçiləri zorakılığın davam etdirilməsində israr etsələr də, dünya davamlı sülhü təmin etmək üçün indi hərəkətə keçməlidir.
Biz davamlı və ədalətli sülh üçün birləşməli, onları bu pis ambisiyalardan məhrum etməliyik. Biz bir daha İsrail siyasətçilərinin Fələstin vətəndaşlarına qarşı törətdikləri cinayətləri pisləyirik. Onlar artıq ictimaiyyət qarşısında uduzublar. Yalan və böhtanla rəhbərliyimizə hücum edərək bu faktı gizlədə bilməzlər. Biz İsrailin sistematik müharibə qızışdırmasına və dezinformasiya kampaniyalarına baxmayaraq, sülh üçün əlimizdən gələni etməyə qərarlıyıq. Türkiyə Fələstini heç vaxt tərk etməyəcək”, - deyə o bildirib.
Qadir, Bizimyol.info






