“44 günlük müharibə necə başladı?” Bu sual demək olar ki, hamını maraqlandırır. Çünki müharibənin başlayacağını, torpaqların işğaldan azad edilcəyini hamı arzulasa da, bu baş vermirdi. Hamı bir səslə, bir nəfəslə bu işğala son verillməsini arzulayıdı. 30 il ərzində zaman-zaman baş verən lokal antiterror tədbirləri, qarşıdurmalar, verdiyimiz şəhidlər, itkilər hamını yormuşdu. Bu prosesə nəhayət ki, “dur” deməyin zamanı çatmışdı. Və 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibə başladı...
Türkiyəli hərbi və təhlükəsizlik eksperti Abdullah Ağar, Bizimyol.info xəbər portalına xüsusi müsahibəsində Qarabağ müharibəsinin detallarından söz açıb.
“Müharibə ilə bağlı bir çox fikirlər var. Amma, 44 günlük müharibənin ayaq səsləri 2020-ci ilin iyul ayında gəlməyə başlamışdı. 2020-ci ilin iyulundan əvvəl Ermənistan tərəfindən Nikol Paşinyan kimi şəxslər deyirdilər ki, “yeni müharibələr, yeni torpaqlar deməkdir. Azərbaycana elə bir dərs verməliyik ki, bir daha Qarabağ haqqında düşünə bilməsin”. Belə bir zamanda iyul ayında Tovuzun Ağdam kəndindəki postlara ermənilər daxil oldular. Orada bizim 2 postumuzun arasındakı boş posta daxil oldular və orada yerləşdilər. Birinci korpus bölgəsi bu işə müdaxilə etdi. Müdaxilə edənlərin başında da Polad Həşimov var idi. Çox ani olan bir vəziyyət idi. Orada çox ağır nəticələri olan atışma yaşandı. General Polad Həşimov şəhid oldu. Çox sayda zabitimiz, gizirimiz, əsgərimiz şəhid oldu. Bu, Azərbaycanda çox böyük bir sarsıntıya səbəb oldu. Xalq, dövlət də bu vəziyyətdən narahat olmağa başladı. Azərbaycan bir "hücumçu" ilə qarşı-qarşıya idi. Onların niyyəti bəlli idi. Kür vadisindən keçən 4 can damarımız var. Bunlar Bakı-Tbilisi-Ceyhan boru xətti, TANAP qaz boru xətt, Azərbaycan-Türkiyə beynəlxalq dəmiryolları, Azərbaycan-Türkiyə arasındakı quru yoludur. Ermənistan bu damarları kəsmək üçün hərəkətə keçmişdi. Bu, işin görünən tərəfidir. Və dövlət bunu gördü. Bundan əvvəlki mərhələlərdə də Ermənistan bu 4 can damarının olduğu yerə raket atmışdı. Bundan sonra prezident İlham Əliyev Türkiyəyə gəldi. Türkiyə ilə bu mövzular müzakirə edildi”-deyən Abdullah Ağar vurğulayıb ki, müzakirələr zamanı Türkiyə bu gün “mənəvi və siyasi” dəstək olaraq adlandırılan, müəyyənləşdirdiyi hər dəstəyi verəcəyini bildirdi.
Ekspert hesab edir ki, bu müharibənin məqsədi, Azərbaycanın təkrar parçalanması idi. Biz bunu ermənilərin yandırmağa, məhv etməyə, yanında aparmağa fürsət tapa bilmədiyi qərargahlarından Azərbaycanın xüsusi təyinatlılarının ələ keçirdiyi hərəkət planlarına əsasən bilirik. Ermənistanın məqsədi Azərbaycanı təkrar 3-ə bölmək idi.
“Hamınız yaxşı bilirsiniz ki, Azərbaycan 4-ə bölünmüş ölkədir. 1828-ci il Türkmənçay müqaviləsindən bəri Azərbaycan başda İranla Rusiya olmaqla, 4-ə bölünmüş bir ölkədir. İndiki Azərbaycan torpaqları, Ermənistanın əlində qalan torpaqlar, Gürcüstanda qalan torpaqlar və İranda qalan torpaqlar ilə 4-ə bölünmüş bir ölkədir, Azərbaycan. Ermənistanın niyyəti ilə desək, yenidən bölünmə olmalı idi. Bu bölgü necə olacaqdı? Böyük ərazi ilə Naxçıvan arasına Zəngəzur koridoru necə yerləşdirilibsə, bu dəfə Qərbi Azərbaycanı Azərbaycandan qoparacaq, digər tərəfində də Araz çayı ilə Ermənistana aid bir ərazi düzəldəcək və ermənilər Xəzərə çatacaqdılar. Yəni, şimal ilə cənub arasında olan əlaqə tamamilə qopacaqdı. Zəngəzur kimi Şimali Azərbaycan ilə Cənubi Azərbaycan arasına Ermənistan girəcəkdi. Belə bir plan var idi. Dövlətimiz bütün bunları gördü və Türkiyə ilə birlikdə böyük bir hazırlığa başladı. Sentyabrın 27-si səhər Ermənistanın təkrar əsgərlərimizi və vətəndaşlarımızı top və hava hücumuna tutması ilə Azərbaycan aktiv müdafiə çərçivəsində Ermənistana qarşı bir hərəkət təşkil etdi. Müharibə yenə Ermənistanın hücumundan sonra başladı”-deyən ekspert vurğulayıb ki, beynəlxalq qaydalara görə Azərbaycan burada da haqlıdır.
“O gün başlayan çox çətin bir müharibə... Azərbaycan ordusu 45000 nəfərdir. O mövcud ordu ilə müharibəyə girdi və müharibənin sonunda 2914 nəfər şəhid və 11000 nəfər qazi oldu. Bu isə, 15000 itki demək idi... Sadəcə həmin gün Qarabağın 4\3-lük hissəsini ələ keçirmək üçün ordunun 3\1-ni itki verdik”- deyən Abdullah Ağar bildirib ki, bu, çox ağır bir itkidir.
“Fikirləşin ki, bir ordunuz var və 3\1-ni itirmisiniz. Müharibənin ilk 2-3 günü çox çətin idi. Əgər ikinci gündə verdiyimiz itki 3-cü günə də keçmiş olsaydı, müharibəni uduza bilərdik. Azərbaycan ordusu böyük bir sevgi, böyük bir şövqlə düşmənin üzərinə atıldı. Çox itki verdik. Yəni, ilk iki gündə bütün itkinin 3-də 1-ni verdik. Çox böyük bir itki olmasına baxmayaraq istədiyimiz qədər irəliləyə bilmədik.
Bir irəliləmə oldu amma, istədiyimiz səviyyədə irəliləmə olmadı. Ohanyan xətti, elə gücləndirilmişdi ki, hər yer mina, hər tərəf tank xəndəyi, kəsici tellər, tank məhv etmə yerləri, kurqanlar, sərhədlər, rabitə xəndəkləri mərhələli şəkildə yerləşdirilib. Təsəvvür edin, bir yeri ələ keçirirsiniz, başqa yerdən düşmən əsgəri çıxır. Bizim əlimizdəki antitank qurğular ermənilərdəkindən zəif idi. Biz bunların hamısını müharibə sırasında həll etdik. Həmin vaxt çox vacib bir qərar verildi. Bizim Xüsusi Təyinatlılar Murov dağı, Susuzluq dağı və Gamışdağı tərəfindən içəri daxil oldular. Həqiqi mənada zəfər tək orada idi. Orada çox vacib bir hərbi ağıl işə düşdü. Orada "qiyamət" qopdu. Xüsusi Təyinatlılar oradan çıxarıldı. 2-ci korpus bölgəsində, 1-ci korpus bölgəsində böyük bir itki var və istənilən irəliləmə yoxdur. İrəliləmənin olduğu bir yer var, dağlıq bölgə, oradaki əsgərləri də geri çəkirik-deyildi. Amma, o hərbi ağıl nə etdiyini o qədər yaxşı bilirdi ki, xüsusi təyinatlıları oradan çıxartdı, cəbhənin hardasa 235 kilometr gerisinə 2-ci korpus bölgəsinə gətirdi. Düşmənlə yaxın təmasda olan korpusun içindən 3 istiqamətdə xüsusi təyinatlılar cəbhəyə sızdı. Xüsusilə, qırmızı mövqedə sızma oldu. Onun şimalındakı sızma da zəfərlə bitdi. Amma, bir digər sızmamız istənildiyi kimi getmədi. Bu iki sızma, zəfərin yolunu açdı. Ordan sızaraq, cəbhəni genişləndirdik və Füzuli birinci hədəf idi. Amma Füzuli, Cəbrayıldan sonra azad edildi”-deyən Abdullah Ağar vurğulayıb ki, Xüsusi Təyinatlıların qəhrəmanlıqlarını sözlə ifadə etmək mümkün deyil. Müharibədən sonra Xüsusi Təyinatlı batlayonlara baş çəkən Abdullah Ağar qeyd edib ki, bəzi batalyonlardan, məsələn 75 nəfərlik batalyonlardan cəmi iki nəfər sağ qalıb. Bəziləri şəhid olub, bəziləri qazi...
“Təsəvvür edin, dostunuz şəhid olur, özünüzün də şəhid olacağınızı bilirsiniz və irəliləməyə davam edirsiniz. O da şəhid olur və arxasından gələn də şəhid olacağını bilə-bilə irəliləməyə davam edir. Belə olduğu üçün erməni əsgərlərinin iradəsi qırıldı. İnternetdə göstərildiyi kimi olmadı. Çox çətin oldu, ölümcül bir münaqişə idi. Hər bir döyüşçünün üzərində 15 silah darağı var idi. Sadəcə, bu daraqları daşımaq belə ölüm deməkdir. 44 gün boyunca üstlərində daşıdıqları ləvazimat ilə mübarizə apardılar. Sursatları bitdiyi zaman öldürülmüş erməni əsgərlərinin sursatlarından istifadə etdilər. Ac, yaralı qaldılar. Bir kapitan ilə danışdım, 8 dəfə yaralanıb və davam edib. Kitabımda hamısı haqqında yazmışam. Oxuduğunuz zaman deyəcəksiniz ki, mənim necə qəhrəman komandirlərim, əsgərlərim var imiş, böyük bir sevinc hiss edəcəksiniz. Gələcəyinizə böyük bir özgüvən ilə yaxınlaşacaqsınız.
...Özgüvən sözünü istifadə edirəm, çünki, Birinci Qarabağ müharibəsində Azərbaycandaydım, Türk Xüsusi Qüvvələrində idim. Birinci Qarabağ Müharibəsində əsgər yetişdirmək üçün getmişdik. O dövrdən bu günə qədər izlədim. Birinci Qarabağ müharibəsi Azərbaycanın ruhuna ağır bir zərbə vurmuşdu. Azərbaycan yeni qurulmuş bir dövlət idi. Sovet birliyi bir şəkildə dağıldı və Azərbaycan azadlığını elan etdi. Amma, azadlığa çıxan kimi dövlətin, ordunun, xalqın "başından vurdular". O gündən bu günə qədər hər zaman əzik idik. Birinci Qarabağ müharibəsini uduzduq, torpaqlarımızı işğal etdilər. Bunun sancısı heç bir zaman içimizdən getmədi. Əzikliyi də heç içimizdən getmədi. Bu mənada 44 günlük müharibədə əldə etmiş olduğumuz zəfər, o torpaq çox qiymətli və o nəticə çox dəyərli zəfərdir. Çünki, biz 44 günlük müharibə ilə gerçək bir dövlət olduğumuzu sübut etdik. Real bir ordu və xalq olduğumuzu sübut etdik. Bu sübutlarımızla birlikdə bütün Türk dünyasına çox dəyərli, çox qiymətli bir hədiyyə verdik. Azadlığın necə əldə ediləcəyinə dair bir dərsdir, bu. Bu Qarabağ müharibəsində gələcəyə dair çox böyük bir parametr var. Bir millətin necə millət olacağına dair, bir ordunun necə bir ordu olacağına, bir dövlətin necə bir dövlət olacağına dair, azadlığın qiymətinin necə ödənəcəyinə dair böyük bir dərs var. Ona görə də Qarabağ müharibəsi çox qiymətlidir. Azərbaycanın Şərqində olan Türk respublikaları üçün qiymətli dərsdir. Digər bütün məzlum, qurban, günahsız millətlər üçün də çox böyük bir dərsdir, Qarabağ müharibəsi. Bunu şanlı Azərbaycan ordusu etdi. Azərbaycan çox böyük bir iş bacardı. Biz Türkiyə Respublikası olaraq, Qurtuluş müharibəsində 7 dövlətə qarşı olan zəfərimizlə fəx edirik, siz də 7 dövlətə qarşı bir zəfər əldə etdiniz. Bu, asan bir şey deyil. Ərazi kiçik ola bilər, amma dəyəri və anlamı çox böyükdür. Dəyəri ordunun 3\1-nə bərabərdir. Ordunun 3\1-ni itirdik. Kim nə deyirsə desin, millət və xalq üçün çox ağır bir itkidir. Qarabağ müharibəsinə şahid olmuş övladlar olaraq, Qarabağ müharibəsini heç vaxt unutmayın və unutdurmayın. Övladlarınıza danışın. Necə ki, Birinci Qarabağ müharibəsində analarımız müharibəni heç bir zaman unutmadılar, müharibəni görməmiş övladlarına necə danışdılarsa, övladları o müharibəni yaşamış kimi hiss edirdilər. Mən Azərbaycanın adı keçməyən qəhrəman analarına minnətdaram. Övladlarına, həyat yoldaşlarına məğlubiyyəti heç vaxt unutdurmadılar. Və o anaların ürəyində olan alov, elə igid övladlar yetişdirməyinə səbəb oldu”-deyə Abdullah Ağar danışıb.
Müharibədə qalibiyyəti necə əldə etdik?
“Ermənilər möhkəm mövqe içərisində idilər. Üstünlükləri bizdən çox idi. Biz açıq ərazidən gəlirdik. Amma, ermənilər mövqelərini tərk etdilər. Niyə tərk etdilər? “Ya sən gedəcəksən, ya da mən gedəcəm”. Bunu onlara hiss etdirdiyimiz üçün tərk etdilər. Yəni, Azərbaycan əsgəri gəlir, onu öldürsək belə, imtina etməyəcək. Bu da o deməkdir ki, ya mən öləcəm, ya o öləcək. O “öləcəyəm” hissi, erməni əsgərinə mövqesini tərk etməyə məcbur etdi. Hətta, Ermənistan elə tədbirlər gördü ki, öz əsgərlərini mövqelərinə zəncirlədi ki, qaçmasınlar, mövqelərini tərk etməsinlər”-deyə Abdullah Ağar qeyd edib.
İradə Cəlil, Bizimyol.info






