Bölgələrdə vəziyyətin yaxşı olmamasının nəticəsidir ki, Abşeron yarımadasında yüzminlərlə insan qeydiyyatsız yaşayır. Onlar hər cür istismara dözürlər. Təki minimum əməkhaqqından bir az çox qazana bilsinlər. Kirayədə yaşayırlar, həyat yalnız işləməklə keçir. Bölgələrdə işsizlik Abşeron yarımadasını yükləyib. Paytaxtda artıq günün istənilən vaxtı tıxaclar hökm sürür.
Bizimyol.info xəbər verir ki, son illər bölgələrin sosial-iqtisadi inkişafına 100 milyard manatdan çox xərclənib. Bunu bir neçə gün əvvəl İqtisadiyyat naziri Mikayıl Cabbarov dilə gətirib. Nazir bölgələrə böyük vəsait xərclənməsini fəxrlə qeyd edib. Halbuki rayonlarda, kəndlərdə baş verənlər yalnız kədərlənməyə əsas verir.
Əvvəlcə rəqəmlərin dili ilə danışaq. Azərbaycandakı 1 milyon 726 min muzdlu işçinin 60 faizə qədəri Abşeron yarımadasında yaşayır. Ölkədə yeni iş yerlərinin 80 faizindən çoxu Bakıda açılır. Özəl sektorda çalışan 831 min nəfərin 68 faizi Abşeron yarımadasındadır. Bakıda aylıq orta əməkhaqqı 1200 manat civarındadır. Bölgələrdə isə insanlar təxminən bunun yarısı qədər qazanır. Son illər 1 milyona yaxın insan Abşeron yarımadasına köçüb. Sadaladığımız bütün faktlar hökumətin bölgələrlə bağlı siyasətinin uğursuz olduğuna işarə vurur.
- Bəs onda 100 milyard manatdan çox vəsait hara xərclənib?
- Bölgə camaatı rayonlarda, kəndlərdə ev-eşiyini ataraq Abşeron yarımadasına sığınırsa, onda bu qədər pulu havaya sovurmağın nə mənası var?
Kəndlər sürətlə boşalır. İşsizlik, sosial qayğıların ağırlığı insanları dədə-baba yurdundan didərgin salıb. Təhsil imkanlarının məhdudluğu ucqar kəndlərdə qalmağı mənasız edir. Çünki keyfiyyətli təhsili Abşeron yarımadasında və bura yaxın ərazilərdə əldə etmək mümkündür.
- Hökumət nə etməlidir?
Hər şeydən əvvəl vəsait məqsədyönlü xərclənməlidir. Bölgələrdə istehsal sahələri yaradılmalıdır. Hökumət hazırda daha çox qeyri-istehsal sahələrinə pul xərcləməyi sevir.
Bölgələrdə mütləq iş yerləri açılmalıdır. Milyonlarla insan paytaxtda, Bakıya yaxın yaşayış məntəqələrində kirayədə yaşamaq məcburiyyətində qalmamalıdır. Təhsil imkanları genişləndirilməlidir. İnsanların sosial həyatının formalaşmasının qayğısına qalınmalıdır. Bir sözlə, vətəndaşa diqqət göstərilməlidir. Bölgə insanı hiss etməlidir ki, dövlət var və onun haqqında həmişə düşünür.
Aytən, Bizimyol.info






