Ötən günlərdə Hövsan kanalı haqqında yazmışdım. Bu dəfə isə, Hövsanda dəniz sahilindən danışacağam. Hövsan kanalının olduğu ərazidə dənizin sahili məişət tullantıları poliqonundan fərqlənmir. Kiçik balıqçı gecəqonduları, sınıq-salxaq qayıqlar, sahilə səpələnmiş balıq torları, boş içki şüşələri... Görünən odur ki, təkcə Hövsan kanalı deyil, ümumiyyətlə bu ərazini hamı yaddan çıxarıb.
Dənizə axıdılan çirkab suları bir kənara qalsın, başınıza dönüm, sahili də təmizləmək zülmdür? Yoxsa aidiyyatı qurumların məsuliyyətsizliyi? Bilmirəm adı nədir, siz ad verin. Sadəcə görünən odur ki, bura Bakının gözdən uzaq olmasa da, könüldən uzaq qalan bir hissəsidir.
Düzdür, ətrafda yaşayış var. İnsanlar özlərinə ev-eşik tikib, birtəhər yaşamağa çalışırlar. Amma havadan gələn çirkab qoxusu, kirli dəniz, məişət tullantıları poliqonunu xatırladan dəniz sahili...
Ətrafda narkotik istifadəçilərinin istifadə etdiyi şprislərə də rast gəlmək olar. Yəni onlar da görür ki, bir Allahın bəndəsi bu əraziyə baş çəkmir, öz niyyətlərini burada həyata keçirirlər ki, onsuz da dəyib-dolaşan olmayacaq...
Nə isə, Hövsan kəndində dəniz sahilinin böyük bir hissəsi acınacaqlı vəziyyətdədir. Oranın ekoloji vəziyyəti, tullantılarının təmizlənməsi ilə kim məşğul olur, bilmirəm. Bildiyim odur ki, məsul qurumlar öz vəzifələrini yerinə yetirmirlər. Bu isə, böyük bir ərazinin təkcə təbiətinə deyil, insanlarına bilərəkdən, qəsdən vurulan zərərdir...
İradə Cəlil, Bizimyol.info






