Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Makron da o söz...
Makron da o söz...

Fransa prezidenti Emmanuel Makron deyib: "Mən İlham Əliyevə təzyiq edirəm". Mərhum YAP-çı deputat Şamil Qurbanov sağ olsaydı, Milli Məclisin iclasında Jak Şirak haqqında söylədiyi o məşhur frazaya düzəliş edib belə deyərdi: "Makron lap qudurub!" Adını deməzdi; çətin tələffüz olunur. Desə də, qısaldıb "Emma" şəklinə salardı yəqin.

Amma, Makron, doğrudan da, deyəsən elə Şamil Qurbanov deyən fiziki və (və ya) ruhsal duruma düşüb. İlham Əliyev Bakıda, onlarla dövlətin xarici işlər nazirlərinin qarşısında Makronu ağ yuyub, qara sərib. Makrondan qorxacaq olan belə çıxış edərdimi? Yox! Fransa zülmü altında onillərlə, hətta bəziləri yüzillərlə əzilən Afrika və Asiya məmləkətlərinin səsi çıxmadığı halda İlham Əliyev onların da əvəzindən danışdı. Həm də bu, birinci dəfə deyildi. Bundan əvvəl də elə bu "Qoşulmama Hərəkatı"nın toplantısında, eləcə də, Əlcəzairdə Ərəb Ölkələri Liqasının zirvə görüşündə Fransanın Afrikada, xüsusilə, Əlcəzairdə törətdiyi əməllərdən danışmışdı. Ötən əsrin ortasında - 8 il ərzində Fransanın öldürdüyü 1,5 milyon adam milliyyətcə ərəb, zirvə görüşünə gələnlər ərəb dövlətlərinin başçıları! Amma ərəblərin soyqırıma uğradılmasına görə Fransaya meydan oxuyan isə bir türk dövlətinin rəhbəri.

İlham Əliyev indiyədək çox təzyiq cəhdi görüb. Heç birinə də, türklər demiş, "papuç" buraxmayıb. Elə götürək, "Futbol diplomatiyası" deyilən dönəmi. ABŞ prezidenti Barak Obamanın Türkiyəyə təzyiqlərini xatırlayın. Prezident Abdullah Gül gedib İrəvanda Serj Sarkisyanla oturub Ermənistan-Türkiyə matçını izləmək zorunda qalmışdı. Xarici işlər naziri Əhməd Davudoğlu Türkiyə-Ermənistan sərhədlərinin açılmasına dair "Sürix protokolları"nı imzalamışdı. Amma bəzilərinin sevmədiyi Ərdoğanın başçılığı ilə parlamentdəki AKP çoxluğu o protokolları ratifikasiya etməyib tarixin arxivinə atmışdı. O zaman Azərbaycan dövlətinə, dövlət başçısına da çox təzyiq cəhdi olmuşdu. Buna baxmayaraq, Azərbaycan o protokollara qarşı dirəniş göstərdi, "Qarabağ azad olunmayınca, Türkiyə-Ermənistan sərhəddi açılmasın" dedi. Sözündən də geri durmadı. İndi heç öz ölkəsinə yiyəlik edə bilməyən Makronun qarşısında geri çəkilər?!

Amerikadan Corc Sorosun məşhur ifasında "rəngli inqilablar" gəldi, uğur qazanmadı. Rusiya "Milyarderlər İttifaqı" qurub Rüstəm İbrahimbəyov boyda Azərbaycanlını seçkidə ona qarşı rəqib göstərdi, alınmadı. İran öz dini-terror şəbəkəsini işə salıb, "Kərimə dövləti" avantürasına əl atdı, olmadı. Daxildən "5-ci kolon" hərəkətə keçdi, açıq-açıq meydn oxudu. Geri durmadı. Bunların fonunda Makronun təzyiq cəhdi nə yazar?! Olsa-olsa, gülüş doğurar.

Allah Şamil Qurbanova rəhmət eləsin! Doğrudan, bəlkə elə Makron da o söz...

Seyid Əhmədli, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »