Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycana daxildən təzyiq etməyə çalışırlar?
Azərbaycana daxildən təzyiq etməyə çalışırlar?

Mərhum vergilər naziri Fazil Məmmədov haqqında maraqlı bir məlumat eşitmişik. Deyilənə görə, o, indi ləğv edilmiş Nazirliyin binasında təkcə özünə xidmət edən mini-klinika saxlayırmış. Bunu bir iş adamı danışıb.

Fazil Məmmədov Çernobıl qəzasında yüksək dozda şüa almış və sağlamlığını itirmişdi. Ona görə nazir olandan və böyük sərvət əldə edəndən sonra öz kabineti olan mərtəbədə şəxsi həkim briqadası saxlayıb və həkimlərinə yüksək məbləğlərdə qeyri-rəsmi maaşlar verib. Bakıda, Heydər Məscidi tərəfdəki evində isə çoxsaylı xidmətçilər və aşpazlar işləyirmiş.

Ancaq əsas maraqlısı bu deyil. Fazil Məmmədovun Rusiya bağlantıları da varmış. Onun kurasiya etdiyi rayonlar arasında Gədəbəy rayonu da olub. Rayonun icra başçısını və deputatını (təbii ki, Ramiz Mehdiyevin xeyir-duası ilə) Fazil Məmmədov təyin etdirirmiş. Şəmkir də onun kurasiyasında idi. Beləliklə, Rusiyada təhsil almış və elmi işini Rusiyada müdafiə eləmiş, Rusiyada işləmiş, Rusiyada biznes qurmuş, sonradan İranda da, Azərbaycanda da şirkətlər açmış Nazim Bəydəmirli də Fazil Məmmədovun kuratorluğu dövründə 104 saylı Gədəbəy-Tovuz dairəsindən müstəqil deputat olub. Azərbaycan cəmiyyətində həmişə belə bir fikir olub ki, icra başçıları və deputatlar o zamanlar (oliqarxik kuratorluq dönəmində) bölgə hamisinin maraqlarını təmsil ediblər. Məhz həmin dönəmdə Milli Məclisə seçkilərdə Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin xeyir-duası həlledici təsirə malik idi. Hətta başqa qruplaşmalara bağlı namizədlər də Ramiz Mehdiyevin razılığı olmadan mandat sahibi ola bilməzdi. Gədəbəy, Şəmkir bölgələrinə kuratorluq edən Fazil Məmmədov da Azərbaycanda Moskvaya bağlı "5-ci kolon"a mənsublardan sayılırdı və Ramiz Mehdiyevin göstərişlərini can-başla yerinə yetirirdi. Ramiz Mehdiyev-Fazil Məmmədov tandemi süquta uğradıqca, onlara bağlı adamlar da yerli və mərkəzi səviyyələrdə hakimiyyət strukturlarından vurulub çıxarıldılar. Eləcə də, YAP-dan. Getdikcə güclənən indiki hakim qüvvə "5-ci kolon"a bağlı saydığı adamları, o cümlədən, keçmiş PA rəhbərini və keçmiş vergilər nazirini, başqa irili-xırdalı çox məmuru vurub kənara atdı. Bir çoxunun əmlakı, bir başqalarının vəzifəsi, hətta bəzilərinin azadlığı əlindən allndı. Amma hamısının siyasi hakimiyyətdən payı və ya siyasi təsiri əlindən alındı. Bu, Qərblə elə də bağlı deyildi; "köhnə qvardiya"ya məxsus məmur korpusunun çox böyük hissəsi, daha doğrusu, əksəriyyəti ənənəvi olaraq Rusiyaya bağlı idi. Ya da Rusiyadan dəstəklənirdi. Ona görə Azərbaycanda "Rusiya faktoru" çox etkin idi.

Və hazırda Söyüdlü hadisələrində də "Rusiya izi" haqda danışılır. Nə qədər doğru olub-olmadığı zamanla ortaya çıxacaq, təbii ki. Ancaq Nazim Bəydəmirliyə də istintaqın gedişində başqa ittiham(lar) irəli sürülə bilər. O zaman bəlli olar ki, Nazim Bəydəmirlini bir əmələ görə ittiham etmək üçün başqa cinayətdə şübhəli bilib tutublar. Özü isə, təbii ki, ittihamları qəbul etmir, hətta saxta, qurama sayır.

Amma medianın bəlli seqmentində belə bir fikirlər dolaşır ki, Azərbaycan iqtidarı Ruben Vardanyan ssenarini və mədən talançılığı planlarını darmadağın etdiyi bir vaxtda eyni mövzu üzərindən Azərbaycanı "vurmaq" cəhdləri var. Hətta yazırlar ki, bu planları quranlar: "Hanı Xankəndi yolundakı ekofəallar?! Söyüdlüdə niyə yoxdurlar?!" deyə ortaya bir ritorika çıxarıblar. Buna əsaslanaraq, bəzi ənənəvi media və sosial media fəalları xarici dairələrin Azərbaycandan qisas almağa çalışdığını, Söyüdlü camaatının haqlı narazılığından istifadə edərək etirazları körükləyir və Azərbaycana daxildən təzyiq etməyə çalışırlar. Ancaq Nazim Bəydəmirlinin həbsinin bu işə nə qədər dəxli var, ya yoxdur, Allah və istintaq bilər. Hər halda qatı Qərbçi ictimai-siyasi dairələr, Qərbdən maliyyələşən media və sosial media platformaları Nazim Bəydəmirlinin günahsız olduğunu deyir və onu müdafiə edirlər. Bunun necə nəticə verəcəyini demək isə hələ çox tezdir. Ümumiyyətlə, nəticə verəcəkmi?

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »