Kanada, ABŞ, Rusiya, İtaliya, İspaniya, Xorvatiya, Yunanıstan... Meşə yanğınlarının tüğyan etdiyi ölkələrin heç də tam olmayan siyahısı hələ ki belədir. Afrikanın, hardasa, elə yarısında meşə yanğınları var. Ancaq dünyanın, elə bizim də əsas diqqətimiz Türkiyə üzərinə cəmləşib.
İki gün əvvəl Türkiyə ATV-nin efirində media təmsilçilərinin suallarını cavablayan Prezident Rəcəb Tayyip Ərdoğan dünyadakı yanğınlarla bağlı bəzi rəqəmlər söylədi (dünəndən bəri keçən vaxtda bu rəqəmlər dəyişə bilər). Dünən gecə saatlarına olan məlumata görə, Kanadada 4 min 579, İtaliyada 1085, İspaniyada 448, Türkiyədə 187 yanğın vardı.
Burada Kanada və Türkiyə üzərindən baxsaq, Kanada dünyada Rusiyadan sonra ərazisinə görə ikinci ən böyük dövlətdir; 9 milyon 984 min 670 kvadrat kilometr ərazisi var. Türkiyə isə 783 min 356 min kvadrat kilometrdə yerləşir (Ərazicə dünyada 36-cıdır). Kanadada hər 2,2 min kvadrat kilometrə bir yanğın düşdüyü halda, Türkiyədə hər 4,2 min kvadrat kilometrə bir yanğın düşür. Yəni ərazi ölçüsünü yanğın sayına bölsək, belə alınır. Söhbət, təbii ki, meşə yanğınlarından gedir.
Məsələyə bu prizmadan baxsaq, Türkiyənin durumu sanki Kanadadan az qala iki dəfə yaxşı kimi görünür. Ancaq başqa tərəfdən baxanda, Kanada meşələri ölkənin harasında yanır, Türkiyədə harda? Bu sual çox önəmlidir. Kanada dünyada ikinci ərazidir. Cəmi 37 milyon-filan əhali sayı ilə. Türkiyə isə, ərazicə Kanadadan, az qala, 13 dəfə kiçik olsa da, əhalisi 2,2 dəfədən çox böyükdür. Həm də Türkiyədə yanğınlar, əsasən, ölkə iqtisadiyyatının əsas sahələrindən birini təşkil edən turizm bölgələrində baş verir.
Türkiyənin iqtisadi baxımdan zəif düşməsi, əslində, müəyyən mənada Azərbaycanın da zəifləməsi demək olardı. Dünyada bir-birinə bu qədər bağlı başqa iki ölkə yoxdur (ABŞ-Kanada cütlüyünü misal gətirmək olardı, ancaq onların da aralarında iqtisadi, ticarət, eləcə də, sərhəd-keçid məsələlərində müəyyən məhdudiyyətlər, fikir ayrılıqları var. Azərbaycanla Türkiyə arasında isə ziddiyyət yaradacaq fikir ayrılıqları yoxdur. Bu, Azərbaycanın işğal olunmuş ərazilərini azad etdiyi o 44 günlük müharibə dönəmində çox aydın və net gördük; Türkiyə bütün resursları ilə Azərbaycanın yanında oldu. Hökuməti ilə, parlamenti ilə, diplomatiyası ilə, diasporu ilə, cəmiyyəti ilə, mediası ilə. Hələ göstərilən hərbi (təlimlər) və hərbi-texniki dəstək... Türkiyədən almış olduğumuz silahlı pilotsuz uçuş aparatları, başqa texniki və texnoloji imkanlar... saymaqla bitməz.
Bu yaxınlarda Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov dedi ki, Azərbaycan ordusu 44 günlük müharibədə imtahan verdi, ordumuzu bu imtahana hazırlayan isə Türk Silahlı Qüvvələrinin mənsublarıdır. Azərbaycan Prezidenti İlham Əliyev də müharibəni idarə edən Ali Baş Komandan kimi Türkiyənin dəstəyini dəfələrlə və ən yüksək səviyyədə xüsusi vurğuladı. Və Türkiyə Prezidentinin Bakıda Zəfər Paradında Azərbaycan dövlətinin başçısı ilə yanaşı dayanması, çıxış etməsi təsadüf deyildi. Bu günə qədər Türkiyə Prezidenti işğaldan azad olunmuş ərazilərimizə - Füzuliyə və Şuşaya səfər etmiş yeganə əcnəbi dövlət başçısıdır (əgər əcnəbi demək olarsa). ABŞ, Fransa və Rusiya kimi ölkələr öz səfirlərini Şuşaya göndərmədikləri halda, İran öz səfirini Ermənistan tərəfdən sərhədə göndərdiyi halda... Türkiyə Şuşaya ən yüksək dövlət və parlament səviyyəsində gəlmiş ölkədir. Bunun qarşılığında Azərbaycan, Türkiyə dövlətinə təşəkkürünü ən doğru biçimdə çatdırıb. Ancaq Türkiyədəki meşə yanğınlarında Azərbaycan yanğından xilas etmə qüvvələri bütünlüklə Azərbaycan cəmiyyəti və dövləti adından öz canı, həyatı ilə qarşılıq verir.
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin sərəncamında olan yanğından mühafizə, yanğın xilasetmə texnikaları, canlı qüvvə - yüzlərlə yanğınsöndürən Türkiyəyə dərhal göndərildi. Günlərdir ki, çətin relyefdə, keçilməz dağlıq ərazilərdə, sıx meşəliklərdəki yanğınla mübarizə aparırlar. Normal vaxtda meşədə gəzintiyə çıxmısınızsa belə, orada hərəkət etmək, davranış sərgiləmək asan olmur.
İndi təsəvvür edin: güclü küləyin bir az da sürətləndirib, daha geniş ərazilərə yaydığı yanğın şəraitində həm yanğının qarşısını almaq, söndürmək, həm də özünü və insanları ölümdən qorumaq – fövqəladə bir əzmkarlıq və peşəkarlıq deməkdir. Təsəvvür edin: yanğınsöndürənsiniz, Türkiyədə meşə yanğını ilə mübarizə aparırsınız. Dağlıq ərazidə sıx meşədəsiniz. Anomal istilər yanğını daha da şiddətləndirir. Yaxınlıqda yaşayış məskənləri, turizm məkanları, sənaye müəssisələri, əkin sahələri, canlılar var və siz onları qorumaqla mükəlləfsiniz. Bir yandan da meşədə oksigen azalır, görmə məsafəsi azalır. Heç gözləmədiyiniz yerlərdə yeni yanğın ocaqları yaranır. Siz tüstüdən, havasızlıqdan, yüksək hərarətdən əziyyət çəkirsiniz. Bir də alovun mühasirəsinə düşmək təhlükəsi var...
Baxın, görün, siz nə qədər çətin şəraitdə xidmət aparırsınız. Əslində müharibədəsiniz. Canınızı ortaya qoymusunuz. Qardaş ölkə üçün, qardaş xalq üçün həyatınızı qurban demisiniz. Və yanan evlərdə alovların içərisinə atılıb TÜRK BAYRAQLARINI XİLAS EDİRSİNİZ!
Budur reallıq. Yanğına, sadəcə, televiziyadan, YouTube kanalından baxanların heç də hamısı bəlkə bütün bu çətinlikləri, dözülməzlikləri anlamaz. Ancaq bizim oğullarımız Türkiyəli məsləkdaşları ilə birlikdə sözün tam anlamında hər şeyini ortaya qoyub, bu yanğın bəlası ilə savaşırlar. Və bu, Türkiyə dövlətinin, cəmiyyətinin, mediasının böyük təqdirini qazanır; Azərbaycan yanğınsöndürənlərinin bu qəhrəmanca davranışlarını Çanaqqala savaşında azərbaycanlı könüllülərin fədakarlığına bənzədirlər, o tarixi hadisə ilə paralel aparırlar. Bizə Vətən müharibəsində dəstək olan Türkiyəyə bu gün tan anlamı ilə o dəstəyin qarşılığını veririk.
Könül istərdi ki, bu yanğın bəlası Türkiyəni sarmış olmayaydı. Bizm də dəstəyimizə ehtiyac yaranmayaydı. O gözəl təbiət – Türkiyənin, elə bütün dünyanın ağ ciyərləri belə bir yanğn fəlakətinə düçar olmayaydı. Kaş ki, bütün bunlar olmayaydı. Ancaq, təəssüf ki, Türkiyə meşələri, evlər, canlılar... yandı. Həlak olanlar var. Şəhid olanlar var. Allah rəhmət eləsin! Dualarımız Türkiyə üçündür. Və, təbii ki, həm də orda yanğınla savaşan qardaşlarımız üçün.
Bizimyol.info






