Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyalı nazir: "Dünya qaz bazarındakı vəziyyət mürəkkəbdir"

"Dünya qaz bazarında OPEC kimi tənzimləyən qurum olmadığı üçün vəziyyət neft bazarındakından daha mürəkkəb və qarışıqdır".

“Report” “Handesblatt”a istinadən xəbər verir ki, bunu Rusiyanın Energetika naziri Aleksandr Novak deyib.

O, Qaz İxracatçısı Ölkələri Forumu (GECF) adlı təşkilatın hələlik nəinki tənzimləyici qurum, heç bu sahənin mənafeyini ifadə edən quruma belə çevrilmədiyini bildirib.

“Neft bazarı kimi, qaz bazarı da çox dəyişkən olub. Qiymətlər kəskin azalan kimi sərmayələr də azalır, təklif azalanda isə qiymətlər sabitləşir. Ümidvaram ki, qaz bazarında vəziyyət düzəlməyə doğru gedir. Hərçənd burada OPEC sayağı tənzimləyən qurumlar olmadığı üçün müxtəlif tərəflərin addımlarını əlaqələndirmək daha çətindir. Ona görə də qaz bazarı daha qarışıqdır, bəzi şirkətlər müflisləşəcək”, – nazir diqqətə çatdırıb.

Onun fikrincə, qaz sahəsində hazırkı qiymətlərlə müəyyən layihələrin həyata keçirilməsi qeyri-mümkün olduğu üçün ölkələrdə sərmayələr azalacaq, istehsalat da dayanacaq.

Belə ölkələrdən ABŞ-ı da misal çəkən rusiyalı nazir həmçinin dünyada qaz tələbatının 4 faiz azalacağına dair Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin bu yaxınlardakı proqnozu ilə razılaşıb:

“İndi LNG-nin bazardakı payı artır. Lakin pandemiya ilə bağlı tələbat azaldığı üçün bazarda ifrat həcmdə LNG təklifi ortaya çıxdı, spot bazarında da qiymətlər ikirəqəmli səviyyələrə endi”.

Son xəbərlər
Bütün xəbərlər »