Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bu şahidlərin ittihama aidiyyəti yoxdur"
Dövlət əleyhinə açıq çağırışlarda ittiham edilən baş redaktorun məhkəməsində şahid ifadə verib

Bakı Ağır Cinayətlər Məhkəməsində Basta.info" saytının baş redaktoru Mustafa Hacılının cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bizimyol.info xəbər verir ki, ittihama görə, M.Hacılı saytda 5 iyulda yayımlanmış "Mingəçevirdəki qəza repressiya maşınını dayandırmayıb", 6 iyulda isə "Azərbaycanlılar özlərinin ictimai müqavimət modelini yaradıb" başlıqlı yazılara görə cinayət məsuliyyətinə cəlb olunub. Yazılardan birində AXCP üzvlərinin həbsindən, digərində isə Gəncənin icra başçısı Elmar Vəliyevin gülllənməsi, ona qarşı bu əməli törətməkdə təqsirləndirilən Yunis Səfərovun həbs olunduqdan sonra üzərində xəsarət izləri olan fotolarının yayılması və s. məsələlərdən bəhs olunur.

İttihamda yazılıb ki, M.Hacılı "Gəncə və Mingəçevirdəki hadisələr nəticəsində bəzi destruktiv qüvvələr arasında yaranmış vəziyyəti özü üçün əlverişli hesab edərək, vətəndaşlar arasında xaos və çaşqınlıq yaranmasına, ictimai-siyasi sabitliyin pozulmasına, kütləvi iğtişaşların törədilməsinə təsir göstərmək məqsədiylə" bu yazıları rəhbərlik etdiyi sayta yerləşdirib.

İttihamda qeyd edilir ki, Xəzər rayon sakinləri olan üç qadın- İlahə Xalidova, Arzuxanım Məmmədova və Zülfiyyə Babayeva o məqalələri oxuyub qorxuya düşüblər, narahatlıq keçiriblər.

Məhkəmə prosesində hakim Səbuhi Zeynalov bildirib ki, hğmin şəxslərə şahid qismində ifadə vermələri üçün çağırış göndərilsə də, yenə də prosesə qatılmayıblar.

Daha sonra prosesdə M.Hacılının qardaşı oğlu Tural Hacıbəyli ifadə verib. O bildirib ki, saytın texniki problemlərinin həllində əmisinə kömək etsə də, saytda işləməyib. Şahid bildirib ki, M.Haclının cinayət məsuliyyətinə cəlb edilməsinə əsas göstərilən iki yazını ("Mingəçevirdəki qəza repressiya maşınını dayandırmayıb", və "Azərbaycanlılar özlərinin ictimai müqavimət modelini yaradıb") da oxumayıb.

M.Hacılının vəkili Osman Kazımov T.Hacıbəylinin dindirilməsinə etiraz edib. O bildirib ki, indiyə qədər dindirilən şahidlərin ittihama heç bir aidiyyəti yoxdur. Aidiyyəti olanlar da məhkəməyə gəlmir.

Hakim digər şahidlərin yenidən çağrılması üçün məhkəməni fevralın 5-dək fasilə elan edib.

İyulun 9-da Baş Prokurorluq Gəncənin icra başçısı Elmar Vəliyevə sui-qəsd və Mingəçevirdə elektrik enerjisinin kəsilməsi nəticəsində bütün ölkənin işıqsız qalması ilə bağlı İnternetdə yayılan "yalan məlumatlar" və "qanunsuz çağırışlar"a dair cinayət işi qaldırıb. Bundan sonra prokurorluq "bastainfo.com", "criminalaz.com", "topxeber.az" və "fia.az" saytlarının bağlanması barədə Rabitə Nazirliyinə müraciət edib.

Öncə M.Hacılı iş üzrə şahid kimi keçib. Ancaq noyabrın 30-da o, təqsirləndirilən şəxs qismində cəlb olunub. M.Hacılıya qarşı 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Məhkəmə ittihamları təsdiqləsə, M.Hacılı 8 ilədək azadlıqdan məhrum edilə bilər.

M.Hacılı barəsində polis nəzarətinə götürülmə üzrə qətimkan tədbiri seçilib.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »